Azərbaycan Minsk Qrupundan imtina edə bilərmi?

azerbaycan-minsk-qrupundan-imtina-ede-bilermi
Oxunma sayı: 944


Azərbaycan rəsmilərinin ATƏT-in Minsk Qrupu haqqında mənfi fikirləri getdikcə artır. Əvvəlcə Azərbaycan xarici işlər nazirinin müavini, prezidentin Dağlıq Qarabağ danışıqları üzrə təmsilçisi Araz Əzimov dedi ki, həmsədrlər formatında aparılan danışıqlarda heç bir irəliləyiş yoxdur. Ardınca parlamentin sədr müavini Ziyafət Əsgərov Minsk Qrupunu “ölü qrup” adlandırdı. Bunun davamı kimi Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri  Bayram Səfərov sülh danışıqlarının nəticə verməyəcəyini bildirdi. 

Azərbaycanda həmsədrlərin fəaliyyəti ilə bağlı neqativ fikirlərin artması fonunda rəsmi Bakı Minsk Qrupunun gələcəyi ilə bağlı 3 mümkün variantdan birini seçə bilər.   

Birinci variant – Minsk Qrupu formatında aparılan danışıqlardan imtina. Bu rəsmi Bakının atacağı ən radikal addım olardı. Danışıqların getdiyi 20 il ərzində həmsədrlərdən imtina zaman-zaman gündəmə gəlib. Bəzən bu mövzunun ictimaiyyətin müzakirəsinə çıxarılmasında Azərbaycan hakimiyyətinin birbaşa marağı olub. Rəsmi Bakı bununla həmsədr dövlətlərə “vətəndaşlarımız sizdən narazıdır” tipli mesaj göndərməyi lazım bilib. Ancaq bu mesajın effekti olmayıb və Azərbaycan hakimiyyəti son anda həmsədrlik institundan imtina qərarından geri addım atıb. Çünki, Azərbaycan hakimiyyəti yaxşı anlayır ki, Minsk Qrupu formatından imtina faktiki sülh danışıqlarının dayandırılması və müharibənin anonsunun verilməsi deməkdir. Minsk Qrupundan imtina birincisi, bölgədəki vəziyyəti gərginləşdirər, atəşkəsin pozulması halları artırar. İkincisi, bu addım Ermənistanın əlinə Dağlıq Qarabağı “müstəqil” dövlət kimi tanıya bilməsi bəhanəsi verə bilər. Üçüncüsü, Azərbaycanın beynəlxalq aləmlə münasibətlərində yeni gərgnlik ocağı yaradar. Buna görə də, bütün bu amilləri ölçüb-biçən rəsmi Bakı hələ ki, emosiyalarını cilovlamağa üstünlük verir. 

İkinci variant – Minsk Qrupunda həmsədrlərin formatının dəyişdirilməsini tələb etmək. Rəsmi Bakı bu tələbi də ara-sıra gündəmə gətirməyə çalışır. Azərbaycanda həmsədrlərin (Rusiya, ABŞ, Fransa ) formatını belə dəyərləndirirlər: Rusiya Ermənistanı dəstəkləyir, silahlandırır və bu dövlətin Azərbaycan qarşısında zəifləməməsinə çalışır. Ona görə də Rusiyanın vasitəçiliyinin Azərbaycana xeyri yoxdur və olmayacaq. ABŞ və Fransada isə güclü erməni lobbisi var, bu ölkələrdəki siyasətçilər seçki zamanı onlarla hesablaşırlar. Odur ki, Vaşinqton və Paris də Azərbaycanın ərazi bütövlüyünün bərpasına biganədir, bu onları maraqlandırmır. Bu səbəbdən danışıqlar formatına Türkiyənin cəlb edilməsinə Azərbaycanda maraq var. Azərbaycanla Türkiyə strateji müttəfiqlikdən başqa son zamanlar hərbi əlaqələrini də genişləndiriblər. Ankaranın özü də Dağlıq Qarabağ münaqişəsinin həllinə fəal qoşulmaq istəyir. Ancaq Ermənistanın Türkiyənin vasitəçiliyini heç bir halda qəbul etməməsi Ankaranın həmsədrlərə qoşulmaq istəyini heçə endirir. Digər tərəfdən Moskva, Vaşinqton və Paris də münaqişənin həlli prosesindəki üstün rollarını Ankara ilə bölüşmək istəmirlər. Azərbaycanın hakimiyyət dəhlizlərində ABŞ, Rusiya və Fransanın başqa – neytral dövlətlərlə əvəz olunması mümkünlüyü də dilə gətirilir. Misal üçün rəsmi Bakı danışıqlar prosesinə Şərqi Avropa və ya Skandinaviya ölkələrinin qoşulmasını istəyərdi. Bu ölkələrin ABŞ və Rusiya kimi Cənubi Qafqazda xüsusi maraqları yoxdur və ya bu maraqlar kəsişmir.  

Üçüncü variant – rəsmi Bakı Minsk Qrupu formatından imtina etməsə də, sadəcə danışıqlarda imitasiya naminə iştirakını davam etdirir. Onsuz da Azərbaycan hakimiyyəti Minsk Qrupu ilə bağlı bütün ümidlərini itirib və bu formatda münaqişənin həll olunacağına inanmır. Buna görə də Azərbaycan hakimiyyəti münaqişənin həllində iki yola üstünlük verir: silahlanmaq və Ermənistanı daima gərginlikdə saxlamaq. Silahlanmaq Azərbaycan hakimiyyətinə ona görə lazımdır ki, Ermənistan da bu yarışa qoşulsun, büdcəsini yeni silahların alınmasına xərcləsin ki, bu da Ermənistandakı istisadi və sosial durumu daha da ağırlaşdırsın. Rəsmi Bakı düşünür ki, sonda Ermənistan bu yarışdan yorularaq münaqişəsinin ədalətli həllinə razılaşacaq və Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldacaq. Ancaq bu yolun uğur qazanacağını da birmənalı söyləmək çətindir. Çünki, Moskva Ermənistanın Azərbaycan qarşısında silah yarışında məğlub olmasını istəmir və bu məqsədlə İrəvana silah dəstəyini artırır. 

Beləliklə, rəsmi Bakı indiki vəziyyətdə danışıqların keyfiyyətinə təsir etmək iqtidarında olmadığından bəyənmədiyi danışqlar formatında qalmaq məcburiyyətindədir.  

Bu arada, İrəvanda “Rusiya Türkiyə və İranla yanaşı Azərbaycanla sərhədimizə də qoşun yeritsin” fikirlərinin sələndirilməsi Azərbaycanda ciddi suallar yaradıb. Görəsən, Moskva İrəvanın istəyi ilə Azərbaycanla sərhədi qorumağı da öz üzərinə götürə bilərmi? Bu sual Rusiyanın Krımın rus əhalisini qorumaq bəhanəsi adı altında yarımadaya qoşun yeritməsi günlərində daha da aktuallaşıb. Çünki, əgər Rusiya öz ordusunu sərhəddə yerləşdirsə , bu Azərbaycanın cəbhə bölgəsindəki hərbi manevr imkanları daralacaq. Bundan sonra rəsmi Bakı cəbhə bölgəsində Ermənistana təzyiq etmək siyasətini də həyata keçirə bilməyəcək. Əks halda bu Azərbaycan ordusunun rus sərhədçiləri ilə toqquşmalarına gətirib çıxara bilər. Rəsmi Bakı isə Rusiya ilə istənilən platformada toqquşmaqdan çəkinir. 

Rusiyanın Azərbaycan-Ermənistan sərhədini qoruması qeyri-real ideya deyil. Rusiyanın dünənə qədər Krımı işğal etməsi də qeyri-real görünürdü. Əgər Moskva Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyünü artırmasına mane ola bilməsə və cəbhə bölgəsindəki durumun Ermənistanın əleyhinə işlədiyini müəyyənləşdirsə, Ermənistan-Azərbaycan sərhədini qorumaq təklifini ciddi müzakirə predmetinə çevirə bilər. Azərbaycanın Gömrük İttifaqına üzvlükdən imtinası bu prosesi bir az daha sürətləndirə bilər.