“Qafqazinfo” xəbər verir ki, tədbirdə çıxış edən AZDP sədri Sülhəddin Əkbər qeyd edib ki, Azərbaycanda siyasi azadlıqlar pozulur: “Seçkilər ədalətli keçirilmir. KİV-ə müxalifət partiyalarının çıxışı məhdudlaşdırılır. Demokratiyaya inkişaf yolu qapadılır. Mərkəzi Bankın manatla bağlı qərarından sonra ölkədə sosial vəziyyət gərginləşəcək, inflyasiya artacaq, maaşlarda kəsinti müşahidə ediləcək”.
Tədbirdə çıxış edən VHP sədri Sabir Rüstəmxanlı bildirib ki, əslində dünyada qloballaşma və kürəsəlləşmə adı altında dünyanı bir dilli dünyaya çevirmək istəyirlər: “Bu gün ziddiyyətlər dünyanı bürüyür. Üçüncü dünya müharibəsi bu gün Şərqdə baş verir. Dünyada əslində dövlət başçılarının böhranı prosesi gedir. Kimin pulu varsa, hakimiyyətə o gəlir. Siyasi liderlər kənarda qalıb. Azərbaycan milləti bu gün müqavimət göstərmək gücünü itirib. Meydanda mübarizə aparan adamlar 20 ildir ki, bir birini ittiham etməkdən yorulmayıb. Hakimiyyətin ən böyük səhvi millətdən ayrı düşməsidir. Belə hakimiyyət uzun müddət qala bilməz”.
AXP sədri Pənah Hüseyn isə müxalifət və iqtidarın siyasi iradəyə ehtiyacı olduğunu vurğulayıb: “Bizim seçkilər dönəmində koalasiya qurmağa ehtiyac var. Açıq şəffaf şəkildə razılaşdırmalar aparılmalıdır. Hamı gözünü yumub gözləyir. Bu belə olmamalıdır”.
Şərq Qərb araşdırmalar mərkəzinin rəhbəri Ərəstun Oruclu isə qeyd edib ki, Azərbaycanda hakimiyyət ictimai siyasi münasibətlər sistemini dağıdıb: “Demokratik və hüquqi keçid qeyri mümkün olub. Azərbaycan əvvəldən Qərb modelini tutmalı idi. Bu gün ölkənin kreditə ehtiyacı yaranıb və bunu Səudiyyə Ərəbistanından istəyir. Halbuki bunu Qərbdən istəməli idi”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər