Azərbaycan növbəti dəfə Beynəlxalq Ədalət Məhkəməsinə - məktub göndərdi

azerbaycan-novbeti-defe-beynelxalq-edalet-mehkemesine
Oxunma sayı: 1528

Bu gün Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə Ermənistanın 7 dekabr 2021-ci il tarixli qərarı ilə müəyyən edilmiş müvəqqəti tədbirlərə əməl etmədiyini göstərən aşkar edilmiş məlumatlarla bağlı məktubu təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Elnur Məmmədov “Twitter”də yazıb. Nazir müavininin sözlərinə görə, məktubda Ermənistanın azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasının qarşısını almaq səyləri daxildir.

“Dəlillər göstərir ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatdan sonra Ermənistan Laçın kimi işğaldan azad edilmiş ərazilərə 1300 mina yerləşdirib ki, bu da təhlükəsiz geri qayıtmağın qarşısını alır. Üçtərəfli Bəyannamənin imzalanmasından sonra bu ərazilərdə heç bir hərbi əməliyyat keçirilməyib. Oradakı minaların geridönüşün qarşısını almaqdan başqa məqsədi yoxdur. 2020-ci ildən bəri işğaldan azad edilmiş ərazilərdə minalardan 240-dan çox azərbaycanlı həlak olub və ya yaralanıb.

Ermənistan həmçinin Beyəlxalq Ədalət Məhkəməsinin azərbaycanlılara qarşı irqi nifrətin qızışdırılmasının və təbliğinin qarşısının alınmasına dair əmrini yerinə yetirməyib. Həmçinin bir çox sübutları onların diqqətinə çatdırmağımıza baxmayaraq, hərbiləşdirilmiş qrupların nifrət çağırışını və zorakılığına qarşı heç bir tədbir görməyib.

Ümid edirik ki, Məhkəmə Ermənistanı qərarı pozduğuna görə cavablandıracaq”, - deyə nazir müavini qeyd edib.