Azərbaycan nümayəndə heyəti - İSESKO-nun baş qərargahında

azerbaycan-numayende-heyeti
Oxunma sayı: 1094

Mərakeşin Rabat şəhərində yerləşən İSESKO-nun baş qərargahında 10-11 iyul tarixində İSESKO, ALECSO, ABEGS təşkilatlarının Milli Komissiyalarının koordinasiya görüşü və 12-13 iyul tarixində isə həmin təşkilatların 4-cü beynəlxalq forumu keçirilir. 

“Qafqazinfo” xəbər verir ki, iclasların keçirilməsində məqsəd təşkilatlara üzv olan ölkələr arasında əlaqələrin və koordinasiyanın gücləndirilməsi və hər üç təşkilatın fəaliyyətinin YUNESKO-nun 2018-2021 Proqramı ilə uzlaşdırılmasından ibarətdir.

Azərbaycan iclasda Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Vasif Eyvazzadə tərəfindən təmsil olunur. Tədbirin açılış mərasimində çıxış edən İSESKO-nun baş direktoru Ə.O.Əl-Tüveycri hər üç təşkilatın və üzv dövlətlərin dünyanın digər beynəlxalq qurumlarında vahid mövqedən çıxış etmələrini, müsəlman dünyasının maraqlarının müdafiə olunmasını, islam irsinin dünyanın müxtəlif bölgələrində dağıdılmasının qarşısının alınması üçün birgə mübarizə aparılmasının vacibliyini vurğulayıb. 

Daha sonra YUNESKO-nun 39-cu Baş Konfransında təsdiq olunması gözlənilən  “YUNESKO-nun 2018-2021 illər üçün Proqramı”, həmçinin “Ərəb və Avropa milli komissiyalarının ekstremizmin qarşısının alınması üçün birgə mexanizm və layihələrin hazırlanması ilə bağlı” işçi sessiyalar keçirildi. Sessiyalarda bu mövzularda İSESKO, ALECSO və ABEGS təşkilatlarının layihələri və fəaliyyət planları təqdim edilib.

Səfər çərçivəsində Azərbaycan nümayəndəsi tərəfindən İSESKO-nun məsul şəxsləri və üzv ölkələrin milli komissiyaların rəhbərləri ilə görüşlər davam edir.