Azərbaycan nümayəndə heyəti Dubayda görüşlər keçirdi - Fotolar

azerbaycan-numayende-heyeti-dubayda-gorusler-kecirdi
Oxunma sayı: 1943

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdə olan Azərbaycan nümayəndə heyəti “Dubay EXPO 2020” ümumdünya sərgisində olub.

Bu barədə “Qafqazinfo”ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.

2021-ci il oktyabrın 1-dən 2022-ci ilin martın 31-dək davam edəcək sərgidə 192 ölkə və 10 təşkilat iştirak edir. Sərgidə ölkəmiz Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılmış Azərbaycan Pavilyonu ilə təmsil olunur.

“Dubay EXPO 2020” ümumdünya sərgisi çərçivəsində Azərbaycan nümayəndə heyəti "DP World Group"un direktoru Sultan Əhməd Bin Sulayemlə görüşüb. Görüşdə nümayəndə heyətinin rəhbəri, iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın nəqliyyat-tranzit və sənaye potensialını diqqətə çatdırıb, sənaye zonaları və Trans-Xəzər nəqliyyat dəhlizi üzrə BƏƏ şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi imkanlarını vurğulayıb. Tərəflər Bakı Beynəlxalq Dəniz Ticarət Limanı daxil olmaqla Ələt Azad İqtisadi Zonasına "DP World Group"un məsləhət xidmətləri göstərməsinə dair müzakirələr aparıb.

Görüş çərçivəsində Azərbaycan İnvestisiya Holdinqi və “Dubai Logistics World” arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd BƏƏ-nin Avropa və Asiya arasında ticarət əlaqələrini möhkəmləndirmək məqsədilə elan etdiyi “Dünya Logistika Pasportu” (WLP) təşəbbüsünə Azərbaycanın qoşulması, ölkəmizin beynəlxalq ticarətlə məşğul olan şirkətlərinin regional WLP mərkəzlərin təqdim etdiyi üstünlüklərə birbaşa çıxışının əldə olunması və digər məsələləri nəzərdə tutur.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində Azərbaycan İnvestisiya Forumu keçirilib. Tədbirdə hər iki ölkədən 150-ə yaxın iş adamı iştirak edib.

Forum çərçivəsində, həmçinin bir sıra görüşlər keçirilib. Su və enerji layihələri üzrə ixtisaslaşmış “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri Mohammad Abunayyan ilə görüşdə iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizin təmiz ətraf mühit və “yaşıl” enerji ölkəsinə çevrilməsinin qarşıya hədəf kimi qoyulduğunu vurğulayıb, enerjidən səmərəli istifadə olunması və yeni dayanıqlı enerji mənbələrinin yaradılması istiqamətində görülən işlər barədə məlumat verib.

Azərbaycan nümayəndə heyətinin “Masdar” şirkətinin icraçı direktoru Mohammed Jameel Al Ramahi ilə görüşündə enerji istehsalının bərpa olunan mənbələr hesabına şaxələndirilməsinin əsas hədəflərdən olduğu, şirkətlə əməkdaşlığın dayanıqlı, təmiz enerji ilə bağlı prioritetlərimizin reallaşdırılmasına töhfə verəcəyi qeyd edilib. Görüşdə külək və günəş enerjisi, bərk məişət tullantılarının yandırılması, “yaşıl” hidrogen istehsalı və digər mövzularda əməkdaşlıq məsələləri müzakirə olunub.