Azərbaycan nümayəndə heyəti İdlibdə yaralanan əsgərləri ziyarət etdi - Fotolar

azerbaycan-numayende-heyeti-idlibde-yaralanan-esgerleri-ziyaret-etdi
Oxunma sayı: 1740

Azərbaycan nümayəndə heyəti Türkiyənin Osmaniyə və Hatay bölgəsinə səfər edib.

“Qafqazinfo”nun məlumatına görə, ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahim, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev və başqalarının təmsil olunduqları nümayəndə heyəti şəhər mərkəzindəki Xocalı prospektinin açılış mərasimində iştirak ediblər. Sonra Azərbaycan nümayəndələri ilə Osmaniyə valisi Ömer Faruk Coşkun arasında görüş keçirilib.

Hatay şəhərinə səfər bu dövlətin ilk və yeganə prezidenti olmuş Tayfur Sökmənin vəfatının qırxıncı ildönümünə həsr olunan anım mərasimindən başlayıb. Mərasimdə böyük öndər Mustafa Kamal Atatürkün və Tayfur Sökmenin abidələri önünə çələng qoyulduqdan sonra İstiklal Marşı səsləndirilib.

Nümayəndə heyəti İdlib şəhərində hərbi əməliyyatlar zamanı yaralanaraq Hatay Dövlət Xəstəxanasında müalicə olunan qəhrəman türk əsgərlərini də ziyarət edib, onlara tezliklə sağalmalarını diləyib. Hərbçilərə Azərbaycan adından sovqat paylanılıb.

Sonra azərbaycanlı qonaqlarla vali Rahmi Doğan və Hatay Böyük şəhər bələdiyyəsinin sədri Lütfü Savaş arasında görüş keçirilib.

Görüş zamanı iki ölkə arasındakı sosial, iqtisadi, mədəni və digər sahələrdə mövcud olan yüksək münasibətlərdən, Hatay şəhərinin inkişafı istiqamətində görülən işlərdən danışılıb. Azərbaycan nümayəndə heyətinin səfəri yüksək qiymətləndirilib və bu cür görüşlərin qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsindəki əhəmiyyəti vurğulanıb.

Hatay Böyük şəhər Bələdiyyə Məclisində keçirilən toplantıda isə X.İbrahim, V.Hacıyev, L.Savaş və Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü Başar Kömür çıxış ediblər. Toplantıda ölkələrimiz arasında sosial, mədəni və iqtisadi sahələrdə əməkdaşlığı dərinləşdirməyi nəzərdə tutan “Hataydan Xəzərə” qardaşlıq körpüsü layihəsinin təqdimatı olub. Qeyd edilib ki, layihə çərçivəsində ölkəmizin bir sıra şəhərləri ilə Hatay bölgəsinin 15 şəhəri arasında qardaşlaşma planlaşdırılır.