Azərbaycan nümayəndə heyəti Latviyada səfərdədir - Foto

Azərbaycan nümayəndə heyəti Latviyada səfərdədir
Oxunma sayı: 880

Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclasında iştirak etmək məqsədilə Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının həmsədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Latviyanın Riqa şəhərinə işgüzar səfər edib. 

“Qafqazinfo” xəbər verir ki, səfər çərçivəsində Latviya rəsmiləri ilə keçirilən ikitərəfli görüşlər zamanı ticarət və investisiya, elm və təhsil, turizm, mədəniyyət, nəqliyyat, innovasiya, kənd təsərrüfatı və qida təhlükəsizliyi, energetika, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub. 

Eyni zamanda, görüşlərin nəticəsi olaraq Hökumətlərarası Komissiyanın 8-ci iclas Protokolu,  Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Latviya Respublikasının Qida və Baytarlıq Xidməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu və iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Sazişin tətbiqi üzrə  ikiillik (2022-2023-cü illər) İş Proqramı imzalanıb.