Azərbaycan nümayəndə heyətinin Çinə səfəri başa çatıb

azerbaycan-numayende-heyetinin-cine-seferi-basa-catib
Oxunma sayı: 778

İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən ibarət Azərbaycan nümayəndə heyəti Çində keçirilən “Bir kəmər - bir yol” iqtisadi inkişaf strategiyası çərçivəsində Yüksək Səviyyəli Beynəlxalq Forumda iştirak edib. Nümayəndə heyətində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, SOCAR, “Azərbaycan Dəmir Yolları” QSC, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı yüksək vəzifəli şəxslərlə təmsil olunub.

"Qafqazinfo" xəbər verir ki, Yüksək Səviyyəli Beynəlxalq Forumda 29 ölkədən dövlət və hökumət başçıları, 110 ölkədən dövlət və özəl sektor nümayəndələri, səhmdarlar, 60-dan çox beynəlxalq təşkilatın nümayəndəsi, ümumilikdə 1500-dən çox nümayəndə iştirak edib.

Səfər çərçivəsində İqtisadiyyat naziri Şahin Mustafayev Çinin “Huawei” şirkətinin Mərkəzi Ofisində olub və Şirkətin Mərkəzi Asiya və Qafqaz regionu üzrə prezidenti Ceyms Çen ilə görüşüb. İKT sahəsində əməkdaşlıq imkanlarının müzakirə edildiyi görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Çin arasında iqtisadi əlaqələrin genişləndiyini, qarşılıqlı səfərlərin və keçirilən görüşlərin əməkdaşlığın inkişafında mühüm rolunu diqqətə çatdırıb. Görüşdə Dənizkənarı Milli Park və Dövlət Bayraq Meydanı ərazilərində əhalinin pulsuz internetlə təminatını nəzərdə tutan “İctimai İnternet” şəbəkəsi çərçivəsində “Huawei” şirkəti tərəfindən görülmüş işlərin əhəmiyyəti vurğulanıb. 

Səfər çərçivəsində Azərbaycanda SOCAR GPC layihəsi üzrə SOCAR, Çin Milli Neft Şirkəti (CNPC) və Çin İnkişaf Bankı arasında, eləcə də Azərbaycan və Çin arasında texniki tənzimləmə, metrologiya, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahələrində anlaşma memorandumları imzalanıb.