“Azərbaycanda hərbi xidmətə çağırış sistemində ciddi problem yaşanır. Amma problem çağırışçıların sayının azlığı deyil, çoxluğu ilə bağlıdır”. “Qafqazinfo” xəbər verir ki, bunu Bizimyol.info-ya “Doktrina” Jurnalistlərin Araşdırma Mərkəzinin rəhbəri Cəsur Sümərinli bildirib.
Hərbi analitikin sözlərinə görə, 2012-ci ildən etibarən Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda müddətdən artıq hərbi xidmət qulluqçularının sayının artırılması, 2014-cü ilin yanvarından etibarən bu prosesin xüsusilə də Müdafiə Nazirliyinin hərbi birləşmələrində sürətləndirilməsi səbəbindən çağırışçıların hərbi xidmətə çağırılması prosesinin yeni qaydalarla nizamlanmasına zərurət yaranıb. “Əldə etdiyimiz məlumatlar göstərir ki, təxminən bir ildir ki, Azərbaycanda çağırışçı “artıqlığı» yaranıb. Yəni vəzifələrin sayının müddətdən artıq xidmət edən hərbi qulluqçuların hesabına azalması səbəbindən orduda əsgər kimi xidmət etməli olan çağırışçıların artıqlığı ortaya çıxıb. İlkin məlumatlara görə, bu rəqəm ümumi çağırışçıların təxminən 4-5 faizi civarındadır. Məlumat üçün bildirim ki, bir il və ya il yarım hərbi xidmətdə olmuş vətəndaşlar müddətdən artıq hərbi xidmət qulluqçuları kimi xidmət edə bilərlər və onlarla müqavilə ən azı 3 il müddətinə bağlanır”. C.Sümərinlinin sözlərinə görə, bir neçə il bundan əvvələ qədər Azərbaycan təhlükəsizlik və müdafiə sektorunda əsgəri vəzifələri tutmaq üçün hər çağırış müddətində təxminən 12-15 min nəfər vətəndaş hərbi xidmətə çağırılırdı.
“Amma yuxarıda qeyd etdiyim səbəb üzündən hazırda nəzəri baxımdan hər çağırış müddətində 450-600 vətəndaşın hərbi xidmətə çağırılmasına ehtiyac qalmır. İldə 4 dəfə çağırış dövrünün olduğunu nəzərə alsaq “artıq” çağırışçıların sayı 1800-2400 nəfər arasında dəyişir. 2014-cü il üçün bu və bundan artıq göstəricinin olacağı ehtimal olunur. 2015-ci ildən başlayaraq bu göstəricinin illik olaraq 3500 nəfəri keçəcəyi proqnozlaşdırılır. Əgər güc strukturlarının, xüsusilə Müdafiə Nazirliyinin hərbi hissələrinə müddətdən artıq hərbi xidmət qulluqçularının axını sürətlənsə onda yaxın 2-3 ildən sonra hər il təxminən 10-12 min vətəndaşın ümumiyyətlə, hərbi xidmətdən kənar qalmaq, hərbi xidmətə çağırılmamaq ehtimalı ortaya çıxacaq”, - deyə o, qeyd etdi.
Hərbi ekspertini sözlərinə görə, vəziyyətin bu şəkil alması güc strukturlarında olan bəzi dəllalları hərəkətə gətirib: “Rayonlar üzrə “artıq” çağırışçılar barədə məlumatlı olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin bölmələri bir sıra vətəndaşlara təkliflər edərək onları hərbi xidmətdən yayındırmağı vəd verirlər. Bir çox hallarda çağırış yaşlı vətəndaşlara müəyyən “xəstəliklərə” görə möhlət hüququ verilir. Bəzən vətəndaşlara güya hərbi xidmət keçdiyi barədə hazır hərbi biletlər də təklif olunmasına dair məlumatlar da var. Hazır hərbi biletin qiymətinin son aylar 1500 manatdan 3 000 min manata qədər qalxmasına dair məlumatlar əldə etmişik. Əksər hallarda fiziki baxımdan sağlam olan şəxslərin xidmətdən kənar qalması hesabına xəstələrin hərbi xidmətə göndərilməsi ehtimalı ciddi düşünməyi zəruri edir. Məlumatlara görə, son vaxtlar Müdafiə Nazirliyinin 300-dən artıq çağırışçını geri qaytarması da məhz bu məsələ ilə bağlıdır”.
Maraqlıdır ki, müddətdən artıq hərbi xidmət hərbi qulluqçuların kütləvi şəkildə hərbi xidmətə qəbuluna göstəriş verən güc strukturlarının, xüsusilə də Müdafiə Nazirliyinin rəhbərliyi “artıq” çağırışçı probleminin həlli ilə bağlı konkret addımlara malik deyillər. Analitikin fikirlərinə görə, bu problemin qalmasında güc strukturları özləri də maraqlıdır. Parlamentin bu istiqamətdə hər hansı fəallığı yoxdur.
“Azərbaycanda hərbi qanunvericilik möhlət hüququ olmayan hər bir vətəndaşın hərbi xidmətə çağırılmasını vacib hesab edir. Beləliklə, əslində qanun öz-özlüyündə “çağırışçı artıqlığı”nı həll etmək üçün hər hansı imkanlar yaratmır, bu isə müəyyən şəxslərə öz “qara” niyyətlərini həyata keçirmək üçün imkanlar yaradır”, - deyə qeyd edən C.Sümərinli problemdən çıxış yollarını da təklif edir.
“Təcili olaraq vətəndaşların hərbi xidmətə çağırış qaydalarını tənzimləyən yeni strategiya qəbul edilməlidir, bu strategiya çərçivəsində hərbi xidmətə çağırış prosesində çağırışçı artıqlığını nizamlayan çərçivələr mövcud hərbi qanunvericiliyin yenilənməsi ilə davam etməlidir; Azərbaycanda vətəndaşların fiziki göstəricilərinin hansı hallarda hərbi xidmətə çağırışa imkan verməməsinə dair təlimatlar, qaydalar tam şəffaflığı ilə ictimaiyyətə açıqlanmalıdır ki, vətəndaşlar öz hüquqlarını dərindən bilsinlər; hərbi xidmətə uyğunluq göstəricləri (boy, çəki və s) getdikcə daha çox sağlamlaşdırılmalıdır, misal üçün, hərbi xidmətə çağırışla əlaqədar boy göstəricləri ilbəil artırılmalıdır; Hərbi xidmətə çağırış yaşının minimumu 20-yə qaldırılmalı, maksimumu isə 27 və ya 28-ə endirilməlidir; Hərbi xidmətə çağırılan vətəndaşların sağlamlıq durumunun ciddi şəkildə araşdırılması, müayinə qaydalarının sərtləşdirilməsi vacibdir; vətəndaşlara müxtəlif təhsillərinə görə möhlət hüququnun verilməsi imkanları artırılmalıdır; Vətəndaşların müəyyən rəsmi ödəmələr hesabına möhlət almaq imkanları araşdırılmalıdır; Səfərbərlik ehtiyatlarının tənzimlənməsi ilə bağlı konkret addımlar atılmalıdır”, - deyə o, bildirdi.
Analitik hesab edir ki, Azərbaycan Silahlı Qüvvələrinin müqaviləli sistemə keçidinin zamanı yetişib. Müqaviləli sistemə keçid çağırışla bağlı mövcud və gələcəkdə ortaya çıxacaq daha kəskin problemləri kökündən həll edəcək.