“Dövlət müstəqilliyinin bərpasının 30 ilini möhtəşəm uğurları ilə arxada qoyan Azərbaycan digər sahələrdə olduğu kimi, qadın hüquqlarının qorunması, gender bərabərliyinin təmin olunması sahəsində də əldə etdiyi təcrübə ilə nümunədir. Ölkəmizdə qadınlara diqqət və qayğı dövlət siyasətinin əsas tərkib hissəsidir və bu sahədə təkmil qanunvericilik bazası mövcuddur. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev qadınların ictimai-siyasi fəallıqlarının artırılmasına, dövlət idarəçiliyində irəli çəkilmələrinə xüsusi diqqət yetirirdi. Ümummilli Liderin Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması da Azərbaycanda qadın siyasətinin prioritetliyini təsdiqləyən amillərdəndir. Son 18 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin bu istiqamətdə atdığı addımlar, qəbul olunan qanunlarda təkmilləşmə, hədəflərin uğurlu icrasına xidmət edən Dövlət proqramları, Fəaliyyət planları, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanan təşəbbüsləri, həyata keçirdiyi layihələr dövlət qadın siyasətində yeni bir mərhələnin təməlini qoyub. Bu sırada dövlət başçısı İlham Əliyevin 6 fevral 2006-cı il tarixli Fərmanı ilə ailə və uşaq problemlərinin qadın problemləri ilə əlaqəli surətdə kompleks həlli nəzərə alınaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılmasını xüsusi qeyd etməliyik. Təbii ki, atılan hər bir addım Azərbaycanın bu gününə və gələcəyinə, kiçik dövlət kimi dəyərləndirilən ailə institutunun təkmilləşdirilməsinə, qadınların cəmiyyətdə rolunun artmasına və dövrün, zamanın çağırışlarının düzgün cavablandırılmasına öz töhfələrini vermələrinə yönəlib.”
"Qafqazinfo" xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Diqqəti ölkə Prezidenti İlham Əliyevin 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrikində yer alan “Azərbaycan qadını milli dövlət quruculuğu işinin fəal iştirakçısı kimi müstəqillik illərindəki nailiyyətlərimizin zirvə nöqtəsinə yüksəlməyimiz və parlaq Qələbə sevinci yaşamağımız naminə var qüvvəsini səfərbər etdi” fikirlərinə yönəldən Vüqar Rəhimzadə bildirib ki, tarixi Zəfərimizi şərtləndirən amillər sırasında əsas yer tutan gənclərimizin torpaq, Vətən sevgisinin formalaşmasında, onların vətənpərvərlik ruhunda tərbiyə olunmalarında qadınlarımızın rolu böyükdür: “Bu gün hər bir ana 30 il işğal altında qalan torpaqlarımızın azad edilməsində, soydaşlarımızın doğma yurd-yuva həsrətinə son qoyulmasında, Azərbaycan xalqının yenilməz, məğrur xalq kimi dünyaya təqdimatında onların yetişdirdikləri vətənpərvər oğulların öz payının, rolunun olmasından son dərəcə qürurludur. Qanları, canları ilə tarix yazan, Azərbaycanı qalib ölkə kimi şöhrətləndirən şəhidlərimizin həyat yolu hər bir Azərbaycan gənci üçün vətənpərvərlik məktəbinə çevrilib. Qadınlarımızın bu əziz bayramı günündə bir daha şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara torpaq, Vətən sevgisini aşılayan analara minnətdarlığımızı ifadə edirik. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bütün çıxışlarında, müsahibələrində bu məqamı xüsusi qeyd edir ki, 44 günlük İkinci Qarabağ müharibəsinin qəhrəmanları onun Prezidentlik dövründə yetişən mübariz gənclikdir. Azərbaycan qadınının müasir dövlətçiliyimizə ən dəyərli töhfəsi olan bu nəsil 44 günlük Vətən müharibəsində rəşadəti ilə xalqımızın qəhrəmanlıq, mübarizlik rəmzinə dönərək ona bəslənilən ümidləri tam doğrultdu.”
“Bu gün çoxşaxəli fəaliyyəti ilə ölkə və dünya qadınlarına nümunə olan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırır” söyləyən Vüqar Rəhimzadə qeyd edib ki, birinci xanımın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir:
“Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatına, təbliğinə xidmət edir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və tarixi ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olmasının bariz nümunəsidir.”
YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, dövlət qadın siyasətinin uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb.
Vüqar Rəhimzadə bu mühüm məqamı da xüsusi qeyd edib ki, ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyasının 800 minə yaxın üzvünün böyük əksəriyyətini də qadınlar təşkil edir.