Azərbaycan sənətçilərinin yutub hesabları silinir

azerbaycan-senetcilerinin-yutub-hesablari-silinir
Oxunma sayı: 7231

“WediaCorp Azərbaycan” şirkəti dünyasını dəyişən tanınmış sənətçilərin mahnılarını yutubdan silməkdə ittiham olunur. 

“Qafqazinfo” xəbər verir ki, iddiaya görə, sözügedən şirkət Azərbaycanda milyon baxış toplayan və mülkiyyətçisi həyatda olmayan şəxslərin ifalarını, videokliplərini şikayət edərək silir, yenidən səhifə açaraq özlərini mülkiyyətçi kimi təqdim edirlər. Hesab sahibi razı olmadığı təqdirdə isə yutuba bu barədə şikayətlər göndərilərsə, səhifə bağlatdırılır. 

Rəşid Behbudov, Elza İbrahimova, Oqtay Ağayev, Emin Sabitoğlu və başqa məşhur simaların layihələri də silinib. Silinənlər arasında, hətta Elza İbrahimovaya məxsus 800-dən çox musiqi videosu da var. 

Məlumatı bəstəkarın qardaşı Çingiz İbrahimov “Qafqazinfo”ya təsdiqləyib.  O,  hesabın “WediaCorp Azərbaycan” şirkəti tərəfindən bağlanıldığını iddia edib:

“Dahi bəstəkar Elza İbrahimovanın hesabı aprelin 1-dən silinib. Onların məqsədləri nədir? Azərbaycan xalqına məxsus bir arxivi siliblər. O səhifə Elza xanımın qızının təşəbbüsü ilə açıldı ki, gələcək nəslə ötürülsün. 70-ci illərdən 2020-ci ilədək bütün əsərlər yerləşdirilirdi. 868 video var idi.  Yaşım 65-dən yuxarıdı, küçəyə çıxa bilmirəm. Ev içində stress şəklində yaşayıram. Karantin bitdikdən sonra hüquqların qorunması məsələsini düşünəcəm”.