“Azərbaycan şirkətləri Gürcüstan büdcəsinə ən çox vergi ödəyənlər sırasındadır”

azerbaycan-sirketleri-gurcustan-budcesine-en-cox-vergi-odeyenler-sirasindadir
Oxunma sayı: 1002

Xəbər verdiyimiz kimi fevralın 27-də prezident İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan prezidenti Salome Zurabişvilinin şərəfinə rəsmi ziyafət verilib.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı İlham Əliyev ziyafətdə çıxış edərək bildirib ki, Gürcüstanın prezidenti vəzifəsinə seçildikdən sonra Salome Zurabişvilinin xarici ölkələrə ilk səfərləri sırasında Azərbaycana rəsmi səfəri ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirir:

"Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından və Gürcüstanda əsas investorlardan biridir. Azərbaycan şirkətləri Gürcüstan büdcəsinə ən çox vergi ödəyən şirkətlər sırasındadır. Enerji əməkdaşlığı layihələri digər sahələrdəki əlaqələrimizdə də çox mühüm rol oynayır".

Ölkələrimizin beynəlxalq təşkilatlarda da sıx əməkdaşlıq etdiklərini bildirən Prezident İlham Əliyev Azərbaycan ilə Gürcüstanın hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini də dəstəklədiklərini vurğulayaraq deyib:

"Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, ölkəmizin Dağlıq Qarabağ regionunun və ətraf yeddi rayonunun hərbi işğal altında saxlanması regional sülh və təhlükəsizliyə ciddi təhdiddir. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası və Baş Məclisi, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, NATO, Avropa Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş çoxsaylı qətnamə və qərarlarda Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, münaqişənin məhz bu prinsiplər əsasında həllinə qəti dəstək ifadə olunmuşdur. Keçən il Azərbaycan və Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq Prioritetləri” sənədində də Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı dəstəklənmişdir".