“Azərbaycan sosial-iqtisadi inkişafda çox böyük nəticələr qazanır” - Tokayev

azerbaycan-sosial-iqtisadi-inkisafda-cox-boyuk-neticeler-qazanir
Oxunma sayı: 771

“Bir faktı xüsusi qeyd etmək istərdim ki, Sizin güclü, nüfuzlu rəhbərliyinizlə Azərbaycan sosial-iqtisadi inkişafda çox böyük nəticələr qazanır. Mən statistikanı diqqətlə nəzərdən keçirdim, bu, güclü təsir bağışlayır. İqtisadiyyat inamla artır. Mən belə başa düşdüm ki, cari ilin birinci rübündə ümumi daxili məhsul təqribən 7,5 faiz artaraq 23,5 milyard dollara çatıb. Yəni, Azərbaycanın iqtisadi inkişaf perspektivləri çox yaxşıdır. Əlbəttə, burada Azərbaycan xalqının ümummilli lideri kimi Sizin tarixi xidmətiniz var”.

“Qafqazinfo”  xəbər verir ki, bu fikirləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüşdə çıxış edərkən söyləyib.

“İndicə dediyim kimi, Qazaxıstanda Sizə çox böyük hörmət bəsləyirlər, insanlar Sizi tanıyır, dəstəkləyir, səmimi hörmət bəsləyirlər. Bununla əlaqədar bütün xalqımız adından Sizə bu gün orden təqdim etməyi zəruri saymışam. Məhz Sizin güclü, nüfuzlu rəhbərliyinizlə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi kimi tarixi əhəmiyyətli vəzifə yerinə yetirilib. Bildiyiniz kimi, Qazaxıstan Azərbaycana münasibətdə dövlətlərin ərazi bütövlüyü prinsipini həmişə dəstəkləyib. Hesab edirəm ki, bu ədalətli prinsip müasir beynəlxalq hüquqa tamamilə müvafiqdir. Ona görə burada da eyni mövqe, eyni yanaşmalar, ortaq baxışlar var. Hesab edirəm ki, bu, gələcəkdə bizim əməkdaşlığımızın inkişafı üçün yaxşı əsas olacaq”, - deyə Qazaxıstan Prezidenti vurğulayıb.