Bu gün Müasir Azərbaycan Ədəbiyyatının istedadlı nümayəndəsi, tənqidçi, publisist Əsəd Cahangirin yubileyidir. “Qafqazinfo” xəbər verir ki, tənqidçi 50 yaşını qeyd edir.
Əsəd Cahangir 25 iyun 1966-cı ildə Beyləqanda anadan olub. Orta təhsilini orada aldıqdan sonra Bakıya köçüb. 1992-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə ilə bitirib.
Əsəd Cahangir yaradıcılığa şeirlə başlayıb, sonralar daha çox esse və məqalələrə üstünlük verdiyindən tənqidçi kimi tanınıb. Nizami Cəfərovun “Füzulidən Vaqifə qədər” və Kamal Abdullanın “Gizli Dədə Qorqud” monoqrafiyaları haqqında yazdığı ilk resenziyaları 1991-1922-ci illərdə “Dədəm Qorqud” qəzetində dərc olunub. 1993-cı ildən başlayaraq “Millət, ”“Zaman”, “Meridian” və “Ekpress” kimi müxtəlif mətbuat orqanlarında ədəbiyyat və incəsənətə dair çoxsaylı məqalələri dərc olunub.
1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2004-cü ildə isə onun İdarə Heyətinin üzvüdür.
1990-cı ildən “Azərbaycan” jurnalının əməkdaşı kimi işə başlayan tənqidçi 2004-cü ildən jurnalın ədəbi-tənqid şöbəsinin müdiri, 2014-cü ildən isə baş redaktorun müavini işləyir.
2004-2009-cu illərdə ölkədə ilk ədəbi-tənqid dərgisi olan “Körpü” jurnalına baş redaktoru olub.
Tanınmış tənqidçi, Aydın Məmmədov (1999), Şahmaq Əkbərzadə (2003), Cəlaləddin Rumi (2007), Yaşar Qarayev (2013) və "Qızıl kəlmə" (2013) mükafatlarına layiq görülüb, iki dəfə prezident təqaüdçüsü olub.
Əsəd Cahangir “Qədim türk ədəbiyyatının linqvistik poetikası” (2001, Bakı, Elm), “Ağ saç, qara saç” (2006, Bakı, Nurlan), “Kim yatmış, kim oyaq” (2012, Bakı, Yazıçı) kitablarının, "O adam" və "Namaz" poemalarının müəllifidir. Onun “Namaz” poeması Beynəlxalq mükafata layiq görülüb.
Tənqidçi son illər “Qafqazinfo” ilə də sıx əməkdaşlıq edir. Onun qələmə aldığı maraqlı məqalələr saytımızda dərc olunur. Onu təbrik edir, uğurlar arzu edirik.





Son xəbərlər
Son Xəbərlər