“Azərbaycan Tingçilər Assosiasiyası” yaradıldı

azerbaycan-tingciler-assosiasiyasi-yaradildi
Oxunma sayı: 1945

Ölkədə tingçiliklə məşğul olan fiziki və hüquqi şəxslərin təşəbbüsü, Kənd Təsərrüfatı, eləcə də Ekologiya və Təbii Sərvətlər nazirliklərinin dəstəyi ilə “Azərbaycan Tingçilər Assosiasiyası” İctimai Birliyi təsis olunub.

"Qafqazinfo"nun məlumatına görə, bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzində hər iki nazirliyin nümayəndələrinin, tingçiliklə məşğul olan fermerlərin iştirakı ilə təsis yığıncağı keçirilib.

“Azərbaycan Tingçilər Assosiasiyası”nın əsas məqsədi tingçilikdə yeni texnologiyaların istifadəsi ilə bu sahənin inkişafına nail olmaq, tinglərə olan tələbatı yerli istehsal hesabına təmin etməkdir.

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, Assosiasiyalar və Kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov ölkədə aqrar sahənin inkişafı ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib. Bildirib ki, son dövrlərdə ölkədə fermerlərə yaxın olmaq prinsipinə əsaslanaraq kənd təsərrüfatı sahəsində ixtisaslaşmış assosiasiyaların sayı sürətlə artır. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin meşə tingliyi və toхumçuluğu sektorunun müdiri Rəhim İbrahimov çıxış edib. O qeyd edib ki, Assosiasiyanın fəaliyyəti ölkədə yeni tingçilik təsərrüfatlarının yaranmasına səbəb olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi hesab edir ki, yeni Assosiasiya tingçilikdə idxaldan asılılığın aradan qaldırılmasında da əhəmiyyətli rol oynayacaq.

Sonra tədbir iştirakçılarının təklifi əsasında Assosiasiyanın təsis olunması məsələsi səsə qoyulub və yekdilliklə qəbul olunub. İclasda 7 üzvdən ibarət olmaqla İdarə Heyətinin tərkibi formalaşdırılıb. Zəfər Novruzov Assosiasiyanın İdarə Heyətinin sədri, Məhəmməd Bazarov isə İdarə Heyətinin sədrinin müavini seçilib.

Sonda Assosiasiyanın gələcək fəaliyyəti və tingçiliyin inkişafı ilə bağlı müzakirələr aparılıb.