Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Belarusda həbs edilərək Azərbaycana ekstradisiya edilən, dövlət sərhədini qanunsuz pozmaqda təqsirləndirilən bloqer Alenksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Əlövsət Abbasovun icraatında olan prosesdə ilkin baxış iclası baş tutub. İclasda məhkəmə istintaqı başlayıb və dövlət ittihamçısı ittiham aktını elan edib. A.Lapşin özünü təqsirli bilmədiyini deyib.
Lapşin sərbəst ifadə verməkdən imtina edərək suallara cavab verəcəyini bildirib. Bu zaman isə Qarabağa, yəni işğal altında olan ərazilərə iki dəfə getdiyini etiraf edib.
Məhkəmə prosesi iyulun 3-də davam etidiriləcək.
***
A.Lapşin suallara cavabında bloqer olduğunu və Qarabağa 2 dəfə turist kimi getdiyini deyib: “Səfər xərclərini özüm çəkmişəm. İnternetdən öyrəndim ki, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunub. Amma ora gedəndə Azərbayacan tərəfinə müraciət etmədim. Orada olarkən adını unutduğum otellərdə qalmışam. Qara saçlı şəxs məni müşayiət edirdi. Ermənistan rəhbərliyindən heç kimlə görüşməmişəm. Sadəcə məqalələr yazıb internet vasitəsilə yayımlamışam.
Mənim hər iki xalqa hörmətim var. Yazılarımda Dağlıq Qarabağı coğrafi ərazi kimi göstərmişəm. Bundan əvvəl Suriya, Əfqanıstan, Qətər, Kosova, Abxaziya və Osetiyada da olmuşam”.
İclasda şahid qismində Qarabağdan olan məcburi köçkünlər - Könül Hüseynova, Rəfael Əlixanov, Rasim Hacıyev, Mərhəmət Abdullazadə və Vaqif Hüseynov ifadə verərək A.Lapşini internet vasitəsilə tanıdıqlarını deyiblər və ona qanun çərçivəsində cəza verilməsini bildiriblər.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər