Azərbaycan turizm sərgisində mükafatlandırıldı - Fotolar

azerbaycan-turizm-sergisinde-mukafatlandirildi
Oxunma sayı: 798

Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyi 09-12 iyun tarixlərində Koreyanın Seul şəhərində keçirilən “KOTFA 2016” beynəlxalq turizm sərgisində iştirak edib.

"Qafqazinfo" xəbər verir ki, sözügedən sərgidə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti ilə yanaşı “Silk Way travel” və “Geo-travel” turizm şirkətləri təmsil ediblər.

Beynəlxalq sərgidə ölkəmizin turizm imkanlarını əks etdirən 27 m² sahəsi olan milli stenddə mədəniyyətimiz, tariximiz, eləcə də, ölkəmizin görməli yerləri haqqında Koreya və ingilis dillərində müxtəlif növ reklam-çap məhsulları və videoçarxlar nümayiş olunur.

12 iyun tarixində Azərbaycan-Koreya Hökümətlərarası Komissiyasının ilk iclasında iştirak məqsədi ilə bu ölkəyə səfər edən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirinin müavini Nazim Səmədov sərgini ziyarət edib. Sərgidə ölkəmizin turizm potensialının Koreyada daha da geniş tanıdılması məqsədilə bu ölkənin bir sıra şirkətləri ilə görüşlər keçirilib.

Sərginin yekununda təşkilatçılar tərəfindən sərginin işində fəal iştirak etmiş ölkələr və şirkətlər mükafatlandırılıblar. Belə ki, sərgidə Koreya və ingilis dillərində 20-dən çox adda turizmin təbliği üzrə reklam-çap məhsulları ilə iştirak edən ölkəmiz "Ən yaxşı turizm nəşrləri" mükafatına layiq görülüb.

Keçirilmiş mükafatlandırma mərasimində mükafatı Koreya Beynəlxalq Turizm Sərgisinin sədri Shin Jung Mok təqdim edib.

Qeyd edək ki, Cənub-Şərqi Asiya regiounun ən böyük turizm sərgilərindən olan KOTFA sərgisində ölkəmiz artiq 4-cü dəfədir ki, təmsil olunur.