Azərbaycan Türkiyə diasporu ilə birlikdə fəaliyyət planı hazırlayacaq

azerbaycan-turkiye-diasporu-ile-birlikde-fealiyyet-plani-hazirlayacaq
Oxunma sayı: 1136

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) ilə Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar İdarəsi (YTB) arasında birgə İşçi qrupun ilk iclası keçirilib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, iclasda 2018-ci ilin noyabrnda Ankarada Dövlət Komitəsi ilə YTB arasında əməkdaşlığa dair imzalanmış Memorandumdan irəli gələn məsələlər müzakirə olunub, konkret təkliflər səsləndirilib və onların icrası ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan və türk diasporunun uzun illərdir əməkdaşlıq etdiyini deyən DİDK-nın Aparat rəhbəri Daşqın Rəcəbli Dövlət Komitəsi ilə YTB-nin birgə fəaliyyəti nəticəsində bu işbirliyinin daha da güclənəcəyini vurğulayıb. Qeyd edib ki, bu, erməni yalanlarına qarşı mübarizə aparmaq məqsədilə beynəxalq müstəvidə Azərbaycan və Türk cəmiyyətləri arasında koordinasiyanı gücləndirəcək.

YTB-nın sədr müavini Abdulhadi Turus isə təmsil etdiyi qurumun gənclərlə iş təcrübəsindən danışaraq, Türkiyədə təhsil alan əcnəbi və xaricdə oxuyan türk tələbələrin təqaüdlə təmin olunması, onların arasında koordinasiyanın qurulması işindən bəhs edib. o, xaricdəki istedadlı türk gənclərə Türkiyə dövləti tərəfindən dəstək göstərildiyini vurğulayıb.

Görüşdə qondarma erməni soyqırımı, Xocalı faciəsi, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində birgə layihələr, Azərbaycan və Türk diasporlarının ayrıseçkilik, irqçilik və islamofobiyaya qarşı birlikdə mübarizə aparmaq məqsədilə akademik səviyyədə fəaliyyət planının hazırlanması, ortaq mədəni dəyərləri qorumaq və sosial-iqtisadi səviyyəsini artırmaq məqsədilə müştərək mədəni sosial, iqtisadi layihələrin həyata keçirilməsi müzakirə olunub.

İclasda bu ilin noyabrında Türkiyədə keçiriləcək Türk Diaspor Forumu çərçivəsində azərbaycanlı və türk iş adamlarının biznes forumunun təşkili, dünyadakı Azərbaycan və Türk icmasının digər xalqların diasporu ilə əlaqələrini gücləndirilməsi, xaricdəki azərbaycanlı və türk gənclərin forumunun təşkil olunması və digər təkliflər səsləndirilib. Müzakirə olunan məsələlərlə bağlı İşçi qrup tərəfindən yaxın vaxtlarda fəaliyyət planının hazırlanması və icrası ilə bağlı razılığa gəlinib.