Azərbaycan üçün proqnoz

azerbaycan-ucun-proqnoz
Oxunma sayı: 652

Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycana ezam olunmuş missiyası burada keçirdikləri görüşlər və ölkə iqtisadiyyatının gələcəyi ilə bağlı qeydlərini açıqlayıb. Qafqazinfo xəbər verir ki, hesabatdan belə məlum olur ki, BVF Azərbaycanda iqtisadi artım templərinin nisbətən yüksələcəyini gözləyir (2012-ci ildə 2.1%, 2013-cü ildə isə 3.8%). Qeyri-neft sektorunun artım tempi isə bu il gözlənilən 10%-dən gələn il 8%-ə enə bilər. BVF-nin son açıqlamalarını dəyərləndirən iqtisadçı Kənan Aslanlı bildirib ki, Azərbaycanda qeyri-neft sektorunun artımı daha çox tikinti və xidmətlər hesabına baş verir və burada qeyri-neft sənayenin payı hələ də aşağıdır. Tikinti və xidmətlər sektoru isə öz növbəsində dövlət maliyyə xərcləmələrindən təsirlənməklə neft sektorunda baş verənlərdən asılıdır və bütövlükdə dayanıqsızdır. İqtisadi artımla yanaşı dövlət büdcəsinin də neftdən birbaşa və dolayı asılılığı ciddi həddədir. Parlamentdə ilkin müzakirələri başa çatan 2013-cü ilin dövlət büdcəsi layihəsinə də toxunan iqtisadçı qeyd edib ki, gələn ilin dövlət büdcəsinin 60%-i Dövlət Neft Fondundan transfertlər hesabına doldurulacaq və bu da qeyri-neft büdcə kəsirinin artması riskini doğurur. BVF dəson açıqlamasında qeyri-neft büdcə kəsirinin artması ehtimalını risk faktoru kimi qiymətləndirib və qeyri-neft büdcə kəsirinin qeyri neft ümumi daxili məhsuluna (ÜDM) nisbətini isə 40% həddində proqnozlaşdırıb.