Azərbaycan-Ukrayna sənədləri imzalandı - Fotolar

Azərbaycan-Ukrayna sənədləri imzalandı
Oxunma sayı: 1594

Yanvarın 14-də Kiyevdə geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimi olub.

“Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidentinin və Ukrayna Prezidentinin Birgə Bəyannaməsini imzalayıblar.

Azərbaycanın energetika naziri, Hökumətlərarası komissiyanın həmsədri Pərviz Şahbazov və Ukrayna Baş nazirinin müavini, Hökumətlərarası komissiyanın həmsədri İrina Vereşçuk Ukrayna Nazirlər Kabineti ilə Azərbaycan Hökuməti arasında “Qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Sazişi imzalayıblar.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Ukrayna Baş nazirinin müavini, Hökumətlərarası komissiyanın həmsədri İrina Vereşçuk Ukraynanın İqtisadiyyat Nazirliyi və Azərbaycanın İqtisadiyyat Nazirliyi arasında “İkitərəfli ticarətdə təcili əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu imzalayıblar.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Ukraynanın aqrar siyasət və ərzaq naziri Roman Leşçenko Ukrayna Aqrar Siyasət və Ərzaq Nazirliyi ilə İqtisadiyyat Nazirliyi arasında “Aqrar sahədə əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu imzalayıblar.

İqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və "Neft-qaz Ukrainı" Milli Səhmdar Şirkəti" Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Yuri Vitrenko "Neft-qaz Ukrainı" Milli Səhmdar Şirkəti" Səhmdar Cəmiyyəti ilə Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR arasında “Energetika sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu imzalayıblar.

Mikayıl Cabbarov və Ukraynanın Geodeziya, Kartoqrafiya və Kadastr üzrə Dövlət Xidmətinin rəisi vəzifəsini icra edən Sergiy Zavadski Ukraynanın Geodeziya, Kartoqrafiya və Kadastr üzrə Dövlət Xidməti ilə İqtisadiyyat Nazirliyi arasında “Torpaq münasibətləri, dövlət torpaqlarının idarə edilməsi və dövlət torpaq kadastrı sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu imzalayıblar.