Azərbaycan Universiteti ağacəkmə aksiyası keçirib - Foto

Azərbaycan Universiteti ağacəkmə aksiyası keçirib
Oxunma sayı: 831

Azərbaycan Universiteti tərəfindən ağacəkmə aksiyası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, universitet kollektivinin böyük ruh yüksəkliyi ilə qoşulduğu aksiya, Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Samir Hacıyev adına 5 nömrəli tam orta məktəbin həyətində təşkil olunub.

Azərbaycan Universitetinin 30 illik yubileyi münasibətilə keçirilən ağacəkmə aksiyasında məktəbin həyətində 30 ədəd zeytun və şam ağacı tingi əkilib. Yeni əkilən ağac tingləri suvarılıb və onlara müvafiq aqrotexniki qulluq göstərilib. 

Tədbirdə Azərbaycan Universitetinin kollektivi ilə birlikdə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının idarə heyəti və məktəbin rəhbərliyi də iştirak edib. 

Qeyd edək ki, ölkəmizdə özəl ali təhsilin bünövrəsini qoyan Azərbaycan Universitetinin fəaliyyətə başlamasının 30 ili tamam olur. Universitetin 30 illik yubileyi pandemiya şəraitinə uyğun olaraq müxtəlif tədbirlərlə qeyd olunur. 1991-ci ildə AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilov tərəfindən təsis olunan universitetə  2017-ci ildən Səadət Əliyeva rəhbərlik edir.