Azərbaycan Universitetində 20 Yanvar şəhidləri yad olunub

azerbaycan-universitetinde-20-yanvar-sehidleri-yad-olunub
Oxunma sayı: 2262

Azərbaycan Universitetinin kollektivi 20 yanvar faciəsinin 28-ci ildönümündə Şəhidlər Xiyabanını ziyarət edib. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan oğul və qızlarımızın əziz xatirəsi dərin ehtiramla yad olunub, məzarları üzərinə qərənfillər düzülüb.

"Qafqazinfo" xəbər verir ki, Universitetin inzibati binasında isə Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu ilə birgə “Ümumxalq Hüzn Günü”nə həsr olunmuş “Müstəqilliyimizin bərpasına gedən yol – 20 Yanvar” adlı anım tədbiri keçirilib.

Əvvəlcə “20 yanvar tələbələrin gözü ilə” foto və rəsm stendinə baxış keçirilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının Prezident yanında Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev açaraq tarixi faciənin kökləri, onu doğuran səbəblər və nəticələri haqqında danışıb. 

İctimai elmlər kafedrasının müdiri, professor Qabil Əliyev qeyd edib ki, Bakının küçələrinə və meydanlarına axışaraq keçmiş SSRİ rəhbərliyinin yanlış siyasətinə öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı qeyri-adekvat güc tətbiq olunub.

Gecənin şahidlərindən Maliyyə və iqtisadiyyat kafedrasının müdiri Nəriman Böyükkişi öz xatirələrini bölüşüb, Salyan kazarmasının qarşısında baş verən hadisələri nəql edib.

Tədbir Azərbaycan Universitetinin rektoru Səadət Əliyevanın çıxışı ilə yekunlaşıb. Rektor bildirib ki, üzərindən illər ötməsinə baxmayaraq, Azərbaycan xalqı hər il daha böyük qürur və fəxarətlə “Şəhidlər Xiyabanı”nı ziyarət edir: “Şəhidlərimizin ruhu hər birimizi üçün müqəddəsdir, əzizdir. Onların adını daim uca tutmaq bizim vətəndaşlıq borcumuzdur. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm”.