Azərbaycan Universitetində 31 mart hadisələri anılıb

azerbaycan-universitetinde-31-mart-hadiseleri-anilib
Oxunma sayı: 714

Azərbaycan Universitetində “31 Mart-Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş anım tədbiri keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, müxtəlif dövrlərdə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı cinayətlərinin mahiyyəti və məqsədləri, bu sahədə aparılmış yeni tədqiqatlar  haqqında məlumat verilib.    

İctimai elmlər kafedrasının müdiri, professor Qabil Əliyev qeyd edib ki, erməni işğalçılarının və onları dəstəkləyən qüvvələrin Azərbaycan xalqına qarşı yeritdiyi düşmənçilik siyasətinin 200 ilə yaxın tarixi var. Bu məkrli siyasətin tarixi faktlara əsaslanaraq ifşa edilməsinin əhəmiyyətini vurğulayan Qabil Əliyev bildirib ki, qanlı hadisələrin təkrarlanmaması üçün gənclərimizin üzərinə mühüm vəzifələr düşür. Onlar tariximizi dərindən öyrənməli və həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında fəal olmalıdırlar. 

Tədbirin qonağı, tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə 1918-ci ilin mart – aprel hadisələrinə xüsusi diqqət ayrılıb, faciənin  tədqiqi məqsədilə Fövqəladə Təhqiqat Komissiyası yaradılsa da, AXC-nin süqutu prosesin başa çatmasına imkan verməyib. Sovet dövründə tariximiz təhrif olunmuş formada təqdim olunub. Müstəqilliyin bərpasından sonra 1918-ci ilin mart-aprel aylarında Bakı Kommunası və erməni daşnakları tərəfindən Azərbaycanın müxtəlif rayon və şəhərlərində törədilən kütləvi qırğın və qətliamlara ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla hüquqi-siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Çox mühüm sənəd olan fərman bu sahədə aparılan tədqiqatların istiqamətini dəyişib. Məhərrəm Zülfüqarlı çıxışında bu isiqamətdə apardığı və nəticələri “Şamaxı soyqırımı” (2011), “Göyçay döyüşləri” (2017), Göyçay döyüşləri Türkiyə tarixşünaslığında” (2018) kitablarında yer alan yeni tədqiqatları haqqında məlumat verib.