Azərbaycan Universitetində “44” fotosərgisi açılıb - Fotolar

azerbaycan-universitetinde-44-fotosergisi-acilib
Oxunma sayı: 735

Azərbaycan Universitetində Zəfər Günü tədbirləri çərçivəsində “44” adlı fotosərgi açılıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbənin birinci ildönümünə həsr olunan sərgi “İşğal”, “Müharibə”, “Zəfər” və “Qayıdış” olmaqla 4 hissədən ibarətdir.

Fotosərgidə Dağlıq Qarabağ münaqişəsinin başladığı 1988-ci ildən günümüzə xalqımızın keçdiyi tarixi yola nəzər salınır. 44 şəkildən ibarət sərgidə işğal dövrünün dağıdılmış evlər, qaçqınlıq həyatı, Xocalı soyqırımı kimi sərt fraqmentləri ilə yanaşı, 30 illik yurd həsrətindən sonra topraqlarımızın işğaldan azad olunması, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi ilə nəticələnən, düşmən üzərində böyük zəfərlə başa çatan müharibənin qalibləri olan Azərbaycan əsgərinin igidliyi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həm siyasi-ideoloji cəbhədə və informasiya müharibəsində, həm də hərbi əməliyyatlara rəhbərlik etmək sahəsində hərtərəfli sərkərdəlik qabiliyyəti, eyni zamanda xalqımıza və ordumuza sarsılmaz inamı əhatəli şəkildə öz əksini tapıb. Fotosərgidə işğal dövründə xalqımızın Qarabağdakı maddi-mədəni irsinə vurulmuş ağır zərərlər də nümayiş olunur.

Son 30 illik tariximizin ən unudulmaz hadisələrindən biri də ölkəmizin hərbi qüdrətini dünyaya nümayiş etdirdiyi Zəfər paradıdır. “44” fotosərgisində Azadlıq meydanında böyük ruh yüksəkliyi və qürurla addımlayan müzəffər ordumuzun keçidindən, Qarabağda və Şərqi Zəngəzurda yüksək səviyyədə həyata keçirilən böyük qayıdış prosesi - bərpa, abadlıq və quruculuq işlərindən şəkillər də yer alır.