Azərbaycan Universitetinin 2018/2019-cu tədris ili məzunlarına həsr olunmuş XXV buraxılış Məzun Günü “Excelsior Hotel&Spa Baku”da keçirilib. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, məzunlar və valideynlər iştirak ediblər.
“Qafqazinfo” xəbər verir ki, rektor Səadət Əliyeva açılış nitqi ilə çıxış edərək “məzun” adını qazanan tələbələri təbrik edib. Onlara həyatlarının bundan sonra başlayacaq yeni mərhələsində uğurlar arzulayan Səadət Əliyeva daim arzularının arxasınca getməyi qarşılarına məqsəd qoymağı tövsiyə edib: “Dünyanın harasında olursanız olun, azərbaycanlı olduğunuzu unutmayın, dilimizi, bayrağımızı, himnimizi, milli – mənəvi dəyərlərimizi uca tutun, dövlətçiliyimizə sadiq olun, peşənizi ləyaqətlə və vicdanla icra edin”.
Digər çıxış edənlər - İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev, Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri Ülviyyə Rəhimova məzunlara xoş arzularını çatdırıb, iş dünyasında peşəkar mütəxəssis kimi çalışaraq ölkəmizin güclənməsinə öz töhfələrini verəcəklərinə əminliklərini ifadə ediblər.
Qeyd edək ki, Azərbaycan Universitetini bu il 175-i bakalavriat, 60-ı magistratura pilləsində olmaqla 235 məzun bitirir. İnformasiya- kommunikasiya texnologiyaları fakültəsinin tələbəsi Həqiqət Qasımova 96,09 orta müvəffəqiyyət göstəricisi ilə 2018/2019-cu tədris ilində Azərbaycan Universitetindən birinciliklə məzun olub. XXV buraxılış Məzun Günündə Həqiqət Qasımovaya və yüksək göstəricilərlə məzun olan daha 10 tələbəyə Azərbaycan Universiteti rektorunun fəxri fərmanları təqdim olunub.



Son xəbərlər
Son Xəbərlər