Azərbaycan Universitetində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
“Qafqazinfo” xəbər verir ki, universitetin rektoru Səadət Əliyeva faciənin ağır nəticələri haqqında danışaraq 27 il bundan əvvəl Xocalı şəhərinin bir gecədə yerlə yeksan edildiyini, qadın, uşaq, yaşlı demədən yüzlərlə dinc sakinin böyük amansızlıq və qəddarlıqla qətlə yetirildiyini bildirib. Rektor faciənin dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq miqyasda tanınması üçün aparılan ideoloji təbliğatın əhəmiyyətini qeyd edərək Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının artıq konkret nəticələr verdiyini diqqətə çatdırıb.
Universitetin qonağı Qarabağ müharibəsi veteranı, Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri Səriyyə Müslim qızı “Xocalı soyqırımı şahidinin gördükləri” mövzusunda çıxış edərək soyqırımını beynəlxalq miqyasda tanıtmaq üçün var gücüylə çalışdığını və indiyə qədər 4 sənədli film hazırladığını bildirib, tələbələri informasiya müharibəsində aktiv və mütəşəkkil olmağa səsləyib.
Sonda Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Erməni təcavüzünün tanıdılması" İctimai Birliyi tərəfindən lentə alınan “Xocalıda məhv olmuş 8 ailə” filmi nümayiş olunub.



Son xəbərlər
Son Xəbərlər