Azərbaycan Universitetində yeni laboratoriya açılıb

azerbaycan-universitetinde-yeni-laboratoriya-acilib
Oxunma sayı: 1916

Azərbaycan Universiteti və Ukraynanın Xarkov Milli Radioelektronika Universitetinin İnformasiya Təhlükəsizliyi üzrə birgə Tədris-Tədqiqat Laboratoriyasının açılışı olub.

“Qafqazinfo” xəbər verir ki, açılışda laboratoriyanın iş prinsipi Azərbaycan Universitetinin rektoru Səadət Əliyevaya məruzə olunub. Bildirilib ki, hər bir ölkənin milli təhlükəsizliyində, dövlət qurumları, özəl şirkətlər, bank sektorunda kompüter sistemlərinin, informasiya resurslarının qorunması və bu sahədə peşəkar kadrların hazırlanması aktual məsələlərdən biridir. İnformasiya təhlükəsizliyi sahəsində ciddi infrastruktur, kadr potensialı və təcrübəyə sahib Xarkov Milli Radioelektronika Universiteti ilə birgə qurulan laboratoriya kompüter sistemləri, şəbəkədə informasiya təhlükəsizliyinin təmin olunması üçün müasir texniki avadanlıqlar - serverlər, şəbəkə ekranları, smart sviçlər, kommutatorlar, müasir kompüterlər, smart lövhə və digər şəbəkə avadanlıqları ilə təchiz olunub. Burada tələbələr və gənc tədqiqatçılar kibertəhlükəsizlik sahəsindəki müxtəlif problemlərin tədqiqi və həlli yollarını praktik olaraq öyrənəcəklər.

Qeyd edək ki, universitetlər arasında 2019-cu ildən kompüter elmləri və kompüter mühəndisliyi ixtisaslarını əhatə edən beynəlxalq ikili diplom proqramı tətbiq olunur. İnformasiya – kommunikasiya texnologiyaları fakültəsinin nəzdində birgə laboratoriyanın qurulması isə əməkdaşlığın növbəti istiqamətidir.