Azərbaycan Universitetinin 2016/2017-ci il məzunlarına həsr olunmuş 23-cü buraxılış Məzun Günü keçirilib. Tədbirdə Universitet rəhbərliyi, professor-müəllim heyəti, cari tədris ilinin məzunları, valideynlər və qonaqlar iştirak edib.
"Qafqazinfo" xəbər verir ki, mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirin rəsmi hissəsini açılış nitqi ilə Vergilər Nazirliyi Tədris Mərkəzinin rəhbəri və Azərbaycan Universiteti rektorunun məsləhətçisi Əli Həsənov açıb. Əli Həsənov çıxışında məzunlara öz üzərlərində daha çox işləməyi və Azərbaycan Universitetinin adını daim uca tutmağı tövsiyə edib, uğurlar arzulayıb.
Rəsmi hissədə daha sonra Azərbaycan Universitetinin 1997/98-ci tədris ili bakalavriat pilləsinin, 1999/2000-ci tədris ili magistratura pilləsinin məzunu, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) sədrinin müşaviri, hüquq üzrə fəlsəfə doktoru, dosent Nadir Adilov təbrik nitqi ilə çıxış edərək, tələbəlik illərindən danışıb, xatirələrini bölüşüb.
Tədbirdə universitetin ictimai fəallıq nümayiş etdirən məzunları ilə fakültələr üzrə yüksək nəticələr əldə edərək məzun olanlar təşəkkürnamə ilə təltif ediliblər. 2016/2017-ci tədris ilində Azərbaycan Universitetindən birinciliklə məzun olan İntizar Məmmədrzayeva (Humanitar fənlər fakültəsi, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi- orta müvəffəqiyyət göstəricisi 97,1) öz şəklini “Azərbaycan Universitetinin fəxrləri” löhvəsində yerləşdirib və məzunlar adından çıxış edib.
Məzunların ənənəvi “papaqatma” mərasiminin ardından tədbir açıq havada bədii proqramla davam edib. Tədbirin bu hissəsində işirakçılar populyar musiqinin parlaq simalarından Çingiz Mustafayev & Palmas qrupunun ifalarına qulaq asıb, DJ proqramı ilə əyləniblər.
Qeyd edək ki, Azərbaycan Universitetinin 2016/2017-ci tədris ilində 291 –i bakalavriat və 48-i magistratura proqramlarında olmaqla 339 məzun namizədi var. Yekun Dövlət Atestasiyası 03 iyul 2017-ci il tarixində yekunlaşacaq.



Son xəbərlər
Son Xəbərlər