Azərbaycan və Avstriya protokol imzaladılar

azerbaycan-ve-avstriya-protokol-imzaladilar
Oxunma sayı: 681


“Qafqazinfo” Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən xəbər verir ki, iclasdan əvvəl Azərbaycan Respublikası tərəfindən komissiyanın həmsədri, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla Avstriya Respublikası tərəfindən komissiyanın həmsədri, elm, tədqiqat və iqtisadiyyat nazirinin xarici iqtisadi siyasət və Avropa inteqrasiyası üzrə müavini Bernadette Qirlinger arasında ikitərəfli görüş keçirilib.

Daha sonra Qarışıq Komissiyanın 8-ci iclası öz işinə başlayıb.

Qarışıq Komissiya çərçivəsində indiyə qədər keçirilən iclas və görüşlərin məhsuldar nəticələrindən də məmnunluq ifadə edən nazir bu danışıqların məntiqi davamı kimi, gələcək əməkdaşlıq istiqamətlərinin inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu nəzərə çatdırıb.

Nazir, həmçinin protokolun İnformasiya və Kommunikasiya Texnologiyaları bölməsinə dair çıxış edərək, perspektiv planlardan söz açıb.

Daha sonra söz Hökumətlərarası Komissiyanın həmsədri, elm, tədqiqat və iqtisadiyyat nazirinin xarici siyasət və Avropa inteqrasiyası üzrə müavini xanım B.Qirlingerə verilib.

Ölkəmizin iqtisadi göstəricilərinin ildən-ilə yüksəlməsinə dost ölkə kimi sevindiklərini bəyan edən B.Qirlinger dünyada müşahidə edilən qlobal böhrana baxmayaraq, Azərbaycanla Avstriya arasında iqtisadi münasibətlərin hər il yaxşılaşmaqda olduğunu, bu inkişaf dinamikasının gələcəyə daha nikbinliklə baxmağa əsas verdiyini vurğulayıb.

Müzakirələrdən sonra Qarışıq Komissiyanın iclasının protokolu imzalanıb.

Protokolu Azərbaycan tərəfindən rabitə və yüksək texnologiyalar naziri Ə.Abbasov, Avstriya tərəfindən isə xanım B.Qirlinqer imzalayıblar.