Azərbaycan və Hindistan XİN-ləri arasında siyasi məsləhətləşmələr oldu

azerbaycan-ve-hindistan-xin-leri-arasinda-siyasi-meslehetlesmeler-oldu
Oxunma sayı: 1391

Noyabrın 28-də Yeni Dehlidə Azərbaycan Xarici İşlər Nazirliyi ilə Hindistan Xarici İşlər Nazirliyi arasında 5-ci ikitərəfli siyasi məsləhətləşmələr keçirilib.

Azərbaycan XİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, məsləhətləşmələrdə nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, qarşı tərəfdən isə Hindistan Xarici İşlər Nazirliyinin Qərb üzrə Katibi (xarici işlər nazirinin müavini) Sancay Verma rəhbərlik edib.

Siyasi məsləhətləşmələr zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli münasibətlərin hazırkı vəziyyəti, hökumətlərarası komissiyanın işi, siyasi, iqtisadi, ticarət, mədəniyyət, təhsil və s. istiqamətlər üzrə, habelə BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.

Nazir müavini Elnur Məmmədov iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində müxtəlif sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlıq gündəliyinin formalaşdığını və münasibətlərin inkişafı üçün potensialın mövcud olduğunu bildirib. Nazir müavini, həmçinin qarşı tərəfi post-münaqişə dövründə bölgədə yaranan yeni reallıqlar, Azərbaycan tərəfindən aparılan bərpa və quruculuq işləri, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, Azərbaycanın sülh gündəliyinin irəli aparılması, kommunikasiyaların açılması istiqamətində fəaliyyəti barədə məlumatlandırıb. Bu xüsusda, Ermənistan tərəfindən törədilən təxribatların bölgədə sülh və əmin-amanlığın təmin edilməsinə təhdid törətdiyi diqqətə çatdırılıb.

Görüş zamanı tərəflər arasında qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.