Azərbaycan və Qazaxıstan XİN rəhbərləri görüşdü - Fotolar

Azərbaycan və Qazaxıstan XİN rəhbərləri görüşdü
Oxunma sayı: 881

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana rəsmi səfəri çərçivəsində Qazaxıstan Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tileuberdi ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə nazirlər iki ölkə arasında bir çox istiqamətlərdə, o cümlədən iqtisadi-ticarət, sərmayələr, nəqliyyat, tranzit, humanitar, mədəniyyət, turizm və digər sahələrdə ikitərəfli əməkdaşlıq münasibətləri və onların inkişaf perspektivlərini müzakirə ediblər. Pandemiya ilə əlaqədar məhdudiyyətlərin aradan qaldırılması ilə iqtisadi-ticarət əlaqələrində artımın əldə olunması üçün müvafiq addımların atılmasının, xüsusilə də ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsinin vacibliyi qeyd edilib.

Ceyhun Bayramov həmkarına bölgədəki münaqişə sonrası vəziyyət, onilliklər ərzində işğal altında saxlanılan ərazilərdə məqsədli törədilən dağıntılar, mina təhlükəsi, habelə azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri barədə məlumat verib.

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasını böyük uğur kimi dəyərləndirən tərəflər, bu xüusda yüksək səviyyəli işçi qrupları çərçivəsində müzakirələrin davam etdirilməsi və Konvensiyanın ratifikasiyasının vacibliyini qeyd ediblər.

Tərəflər arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Gələn il ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunacağını diqqətə alaraq, Tileuberdi azərbaycanlı həmkarını Qazaxıstana rəsmi səfərə dəvət edib. Ceyhun Bayram həmkarının dəvətini məmnunluqla qəbul edib.