Xaçmaz şəhərində Azərbaycan və Rusiya dövlət sərhədindəki gömrük buraxılış məntəqələrində yaranan problemlərin operativ həlli və müəyyən buraxılış məntəqələrinin işinin effektivliyinin artırılması üzrə məsələlərin müzakirəsi məqsədilə Azərbaycan Dövlət Gömrük Komitəsinin və Rusiya Federal Gömrük Xidmətinin nümayəndələri arasında işçi görüşü keçirilib.
“Qafqazinfo” xəbər verir ki, görüşdə Azərbaycan Dövlət Gömrük Komitəsi Xarici Əlaqələr İdarəsi, Şimal Ərazi Baş Gömrük İdarəsi və Rusiya Federal Gömrük Xidmətinin Şimali-Qafqaz Gömrük İdarəsinin nümayəndələri iştirak edib.
Görüşün gündəliyinə müvafiq olaraq, Azərbaycan Dövlət Gömrük Komitəsi və Rusiya Federal Gömrük Xidməti arasında müəyyən növ mallara münasibətdə gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması haqqında 3 iyul 2015-ci il tarixli Protokolun həyata keçirilməsi, növbələrin yaranmasının qarşısının alınması məqsədilə hər iki ölkənin gömrük orqanları arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, malların idxalı və ixracı zamanı gömrük dəyərinə nəzarətə dair Azərbaycan Respublikasının qanunvericiliyi və normativ sənədlərlə tanışlıq, həmçinin malların mənşəyi barədə elektron sertifikatlar sisteminin yaradılmasına dair məsələlər müzakirə olunub.
Bununla yanaşı, görüşdə Rusiya Federasiyasının gömrük orqanları tərəfindən tətbiq olunan müasir gömrük texnologiyaları ilə Azərbaycanın xarici iqtisadi fəaliyyət iştirakçılarını və daşıyıcılarını tanış etmək üçün cari ilin noyabr ayında seminar-məşğələnin təşkil edilməsi, həmçinin Azərbaycan və Rusiya arasında keçirilən mal və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili istiqamətində sərhəd gömrük postlarının nümayəndələri tərəfindən əməkdaşlığın davam etdirilməsinin zəruriliyi vurğulanıb.
Tədbirdə, həmçinin Azərbaycan istehsalı olan şərab məhsullarının Rusiya Federasiyasına ixracının əlverişli şəkildə həyata keçirilməsi məqsədilə Azərbaycan-Rusiya dövlət sərhədinin qarşı tərəfdəki gömrük keçid məntəqəsi ərazisində aksiz postunun yaradılması ilə bağlı məsələ Rusiya Federasiyası Federal Gömrük Xidmətinin nümayəndələrinin diqqətinə çatdırılıb. Məsələ ilə bağlı qarşı tərəf aidiyyəti dövlət qurumlarına müvafiq müraciətin təqdim olunacağını və qısa zamanda münasibətin bildiriləcəyini qeyd edib.
Tədbirin sonunda işçi görüşün protokolu imzalanıb.
Son xəbərlər
Son Xəbərlər