Azərbaycan və Türkiyə aqrar sahədə əməkdaşlığı genişləndirəcək

azerbaycan-ve-turkiye-aqrar-sahede-emekdasligi-genislendirecek
Oxunma sayı: 832

Kənd Təsərrüfatı Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin nümayəndələri Türkiyədə işgüzar səfərdədir.

Kənd Təsərrüfatı Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Türkiyə Kənd Təsərrüfatı Meşə Həmkarlar İttifaqının dəvəti ilə baş tutan səfərin məqsədi iki ölkənin kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən həmkarlar ittifaqları arasında əməkdaşlıq imkanlarını müzakirə etməkdir.

Səfər çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Fuad Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə nazirinin müavini Nihat Pakdil, Türkiyə Kənd Təsərrüfatı Meşə Həmkarlar İttifaqının İdarə Heyətinin sədri Ahmet Demirçi arasında görüş keçirilib.

Görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq müzakirə olunub. Həmçinin, görüşdə aqrar sahədə əməyin təhlükəsizliyinin təmin olunması, işçilərin sağlamlığının və iş qabiliyyətinin saxlanılmasında həmkarlar ittifaqlarının rolundan bəhs olunub. Tərəflər aqrar sahədə Azərbaycan və Türkiyə həmkarlar ittifaqları arasında əməkdaşlığın genişləndirilməsinin vacib olduğunu vurğulayıblar. Qeyd olunub ki, bu sahədə birgə fəaliyyət və layihələrin icrası üçün böyük potensial var.

Səfər çərçivəsində Türkiyədə aqrar sahəni təmsil edən digər həmkarlar ittifaqları ilə görüşlər keçirilib.