Biz meyxananın sahibiyik. Əgər bir millətin nümayəndəsi 5 saniyənin içində qarşı tərəfin deyimindən sonra öz beyninə siqnal ötürürsə, qafiyə tapıb sözləri mirvari kimi düzürsə və dərhal rəqibinə ünvanlayırsa, o xalqı elmə yönləndirmək yeni ixtiralara və kəşflərə yol aça bilər. Meyxana beynin alt qatının və ehtiyatda saxlanılan hissəsinin fəhmlə oyandırılması deməkdir. Bu xalq yaradıcılığı hər millətə mənsub olan vergi deyil. Bu, Azərbaycan xalqına məxsusdur. Hətta, rusların “çastuşka”ları da operativliyinə görə meyxanaya çata bilməz.
Kim deyir ki, bizim xalq elm yolunda addımlayıb ixtiralara və kəşflərə imza ata bilməz, deməli yanlış söyləyir. Bəzən deyirlər ki, azərbaycanlılar alman qədər mükəmməl beyinə sahib olub “Mersedes” maşını ixtira etmək qədər ağıla sahib deyil. Biz ancaq aqrar ölkəyik, hərdən neft məhsulları avadanlıqları istehsal etməkdən o tərəfə gedə bilmərik. Kökündən yanlışdır. Yusif Məmmədəliyev, Lütfizadə bizdəndir. SSRİ dönəmindəki elmi zavodlarda da biz işləmişik. Elə indi də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə daxil olan ixtiraların sayının artımı da göstərir ki, biz almandan geri qalmarıq. Təkcə ötən il o Komitəyə 94 ixtira sənədi daxil olub, ildən-ilə də artmaqdadır. Deməli, biz elm sahəsinə istiqamət alsaq, nə almandan, nə amerikalıdan geri qalmarıq. Şərt odur ki, təhsil almaq üçün dövlət hesabı ilə xaricə göndərilənlər daha çox fizika və kimyaya üstünlük versinlər. Şair xalq olmaq bizə heç nə verməz. Elmə doğru getsək, bizim də içimizdən bir Bill Qeyts çıxacaq. Sonra bir ideya ilə çıxış edib “Şahdəniz 2” yatağından əldə olunan qazancdan da çox xeyir verəcək. Yetər ki, o pulların insan kapitalına çevrilməsi, bu formada da davam etsin.
Yönləndirmə ancaq neft kapitalının insan kapitalına çevrilməsi nəticəsində ola bilər. Bu ölkənin gələcəyinin başqa yolu yoxdur və bu prosesə neçə ildir ki, start verilib. Azərbaycanda fizika və kimyaya sevgi oyandırılmalıdır. İçi özüm qarışıq nəzm və nəsr əsərləri yazmaq yetər. Neft də qurtaracaq, qaz da. İnsan kapitalından savayı ölkənin yüz illər sonrakı gələcəyini təmin etmək mümkün deyil. Bəzən düşünülür ki, fizika, kimya, Eynşteyn, Bill Qeyts, Con Neş bizlik deyil. Bizimki alma yetişdirib, kartof əkməkdir. Qışda da soba yanında oturub bir torba günəbaxan tumu çırtlaya-çırtlaya olub-keçənlərdən gap eləmək, armudu stəkanda çayın pürrəngi alınıb-alınmamasını müzakirə etmək.
İnanın ki, 40-45 il bundan əvvəl Malayziya ilə Cənubi Koreya sakinləri də belə düşünürdü. Deyirdilər ki, ixtira və kəşflər bizlik deyil, bizim alnımıza yalnız məzlumluq yazılıb. Amma onlar da bizim indi düşündüyümüz qədər səhv edirdilər.
Gəlin, Malayziya və Cənubi Koreyaya qısa ekskursiya edək. Neçə illər ingilis müstəmləkəsi altında yaşayan Malayziya xaricə ancaq kauçuk, meşə materialları, yağ və kokos ağacları məhsulları ixrac edirdi. Sonra iqtisadiyyatın inkişafında əsas rol xüsusi sektora verildi, xarici kapital ölkəyə cəlb edildi. Malayziyalı gənclər dövlət hesabına xaricə təhsil almağa göndərildi. Təhsillərini başa vurandan sonra Vətənlərinə qayıdan gənclər ölkənin inkişafında mühüm rol oynadılar. Keçən əsrin 70-ci illərində xammal istehsal edən ölkədən, 90-cı illərin sonlarında çoxşaxəli inkişaf etmiş sənayesi olan bir ölkəyə çevrilən Malayziya, bu nailiyyətlərə əsasən elektron malların ixracatı nəticəsində nail oldu. Heç kimin ağlına da gəlməzdi ki, dünənə qədər kauçuk, koks yağı satan ölkə bu gün elektron məhsullar istehsal edəcək. Hələ bu ölkə avtomobil istehsalına da hazırlaşır. Halbuki, 40-45 il əvvəl bu ölkə “biz inkişaf edə bilmərik” deyirdi.
İkinci ekskursiya edəcəyimiz dövlət Cənubi Koreyadır. Buranın sakinləri 40-45 il əvvəl düyü əkməkdən savayı heç nə bacarmırdılar. Onlara elə gəlirdi ki, daha günəş çıxmayacaq, daha yağışlar yağmayacaq. İqtisadiyyatı tamamilə çökən ölkənin sakinləri getdikcə Vətəni tərk edirdilər. Ancaq düşünülmüş siyasət onları bu bəladan qurtara bilərdi. Və düşünülmüş siyasət ölkəni inkişaf yoluna çıxardı. İndi Cənubi Koreya sakinləri demir ki, “Yaponiyaya çatmalıyıq”. Deyirlər ki, “Yaponiyanı keçməliyik”. Bu ölkə hazırda dünyanın avtomobil, mobil telefon bazarında öz sözünü deyərək, rəqabətədavamlı məhsullar istehsal etməkdədir. Kimin ağlına gələrdi ki, düyü əkməkdən savayı, heç nə istehsal etməyən ölkə, indi Yaponiyanı ötmək arzusu ilə yaşayır.
Deməli, biz yalnız kartof əkib, alma yetişdirə bilmərik. Və Tanrı bu dünyada hansısa millətin beynini o birindən mükəmməl yaratmayıb. Biz istədiyimizə nail olacağıq. Malayziyalı və koreyalıdan nəyimiz əskikdir.