“Azərbaycan yeganə ölkədir ki, mer seçkiləri keçirilmir”

azerbaycan-yegane-olkedir-ki-mer-seckileri-kecirilmir
Oxunma sayı: 1540


“Qafqazinfo” xəbər verir ki, o, bildirib ki, 1999-cu ildən Azərbaycanda yerli özünüidarə orqanları -Bələdiyyələr formalaşmağa başlayıb: “Hər  beş ildən bir  yerli özünü idarə orqanları seçki yolu ilə yenidən formalaşır. Bu ilin (2014) dekabrında növbəti bələdiyyə  seçkiləri keçiriləcək.  Ötən 15 ilə yaxın bir müddətdə Bələdiyyələrin  statusuna və fəaliyyətinə dair xeyli sayda - “Bələdiyyələrin statusu haqqında”, “ Bələdiyyə qulluğu haqqında ”, “ Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında ” və s. qanunlar, hüquqi aktlar qəbul edilərək, Bələdiyyələrin hüquqi bazası yaradılıb. Azərbaycan Milli Məclisi 2001-ci ildə  Yerli  Özünüidarəetməyə  dair Avropa Xartiyasını ratifikasiya etmişdir. Amma çox təəssüflər olsun ki, Azərbaycanda bələdiyyələr Xartiyanın tələblərinə uyğunlaşdırılmamış, digər Avropa ölkələrində olduğu kimi real hakimiyyətə malik, səmərəli və eyni zamanda vətəndaşlara daha yaxın olan idarəetmə orqanına çevrilə bilməmişdir. Bələdiyyələr faktiki olaraq yerli icra hakimiyyətinin tabeliyində olan səlahiyyətsiz, maliyyə imkanları çox zəif və fəaliyyətsiz bir quruma çevrilmişdir.

Avropa Xartiyasının 4-cü maddəsinin 3-cü bəndində göstərilir ki,  dövlət səlahiyyətinin həyata keçirilməsi bir qayda   olaraq vətəndaşlara ən yaxın hakimiyyət orqanlarının üzərinə qoyulmalıdır.  Sənəddə o da qeyd olunur ki, vətəndaşların dövlətin idarə olunmasında iştirak  hüququ  Avropa Şurasına üzv olan bütün dövlətlər üçün  ümumi olan bir demokratik prinsipdir. Bu hüquq məhz yerli səviyyədə reallaşdırıla bilər. Azərbaycanda isə yerli özünüidarə demək olar ki dövlət idarəçiliyində iştirak etmir, qanunla öz statusuna  və səlahiyyətlərinə daxil edilən  məsələləri müstəqil şəkildə həyata keçirə bilmir.  

 “ Bələdiyyələrin Statusu haqda “ Qanunun birinci maddəsində göstərilir ki,  Azərbaycan  Respublikasında  Yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir ki,  bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli  məsələləri müstəqil və sərbəst şəkildə  həll  etmək, Konstitusiyada nəzərdə tutulan dövlət işlərinin bir hissəsini  yerinə yetirmək  imkanı verir.  Amma bələdiyyələrin  ölkənin sosial-iqtisadi inkişafında, əhaliyə göstərilən ictimai xidmət sahəsində  roluna baxdıqda görürük ki,  bələdiyyələr dövlət işlərini həyata keçirən  bir orqan kimi formalaşmayıb. Ən adi xidmət sahələri - kommunal, əhalinin qeydiyyat və uçotu,  vətəndaş vəziyyəti aktlarının qeydiyyatı və s. digər dövlət orqanları tərəfindən həyata keçirilir. Təxminən 20-yə  yaxın ictimai xidmət sahəsindən yalnız  beşi- Yol təsərrüfatının idarə olunması,  Ərazilərin abadlaşdırılması,  Qəbristanlıqların saxlanılması,  Fərdi  ev tikintisi və bağ sahələri üçün  torpaq sahələrinin ayrılması, Park və yaşıllıqların saxlanılması - bələdiyyələrin səlahiyyətlərinə aiddir. Bunlardan  dördü digər dövlət orqanları ilə müştərək, yalnız biri- qəbristanlıqların saxlanılması - tək bələdiyyələrin səlahiyyətlərinə aiddir. Müştərək  xidmət sahələrinin həyata keçirilməsində bələdiyyələrin rolu  isə sıfır səviyyəsindədir. 

Cəmiyyətin idarə olunmasında bələdiyyələrin səlahiyyətlərinin olduqca məhdud olması Avropa Şurası Yerli və Regional Hakimiyyətlər  Konqresinin  “Azərbaycanda  yerli və regional demokratiyaya dair ” 21 may 2003-cü il tarixli 126 saylı tövsiyə sənədində də öz əksini tapıb. Həmin sənədin  8.2.2 bəndində  göstərilir ki, Azərbaycanda bələdiyyələrin səlahiyyətləri olduqca  məhduddur və Yerli Özünüidarəyə dair Avropa Xartiyasının  tələblərinə uyğun olaraq ictimai işlərin əhəmiyyətli hissəsi bu səlahiyyətlər çərçivəsinə daxil edilməyib.  

“ Bələdiyyələrin statusu haqqında ” qanunda göstərilir ki, bələdiyyələr yerlərdə dövlət işlərini həyata keçirən dövlət orqanıdır. Amma seçkili dövlət orqanı olan bələdiyyələr faktiki olaraq fəaliyyətsiz və icra hakimiyyətinin nəzarəti altındadır. Bundan başqa “ Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanunda Bakı şəhərinin statusunun müəyyən edilməsi və paytaxt qanununun qəbulu nəzərdə tutulur. Qanunun qəbulundan 14 il ötsə də, həmin hüquqi mexanizmlərin heç biri işlənməyib. Hələ 2003-cü ilin mayında Avropa Şurasının (AŞ) hökumətə ünvanladığı “Azərbaycanda yerli və regional demokratiya haqqında ” tövsiyə sənədində Bakı şəhərini dövlətin icra orqanlarının idarə etdiyi göstərilir, amma bu funksiyaları sakinlərin səsi ilə formalaşan şuraya verilməsi, Bakıda seçkili mer institutunun yaradılmasının  vacibliyi  xüsusi qeyd olunur. Avropa Şurasına üzv olan ölkələr sırasında Azərbaycan yeganə ölkədir ki, mer seçkiləri keçirilmir. Hesab edirik ki, Bu vəziyyəti aradan  qaldırmaq  üçün bələdiyyələrlə bağlı ciddi islahatlara ehtiyac var. İlk növbədə yerli özünüidarə ilə bağlı qanunverici baza təkmilləşdirilməli, həm bələdiyyələrin, həm də digər dövlət orqanlarının  səlahiyyət dairəsi dəqiqləşməlidir. Əsasən bir sıra qurumların səlahiyyəti bələdiyyələrə verilməli,  iri şəhər bələdiyyələri yaradılmalı və  iri şəhər bələdiyyə sədrləri də  xalq tərəfindən seçilməlidir. Belə olduğu halda rentabelli olmayan, dövlət büdcəsindən  saxlanması üçün kifayət qədər vəsait sərf olunan bəzi əhəmiyyətsiz qurumlar sıradan çıxar, həmçinin bələdiyyə seçkilərinə cəmiyyətin marağı artar, Azərbaycanda demokratikləşmə sürətlənər.

Hazırda  bələdiyyələrin statusunun artırılması ilə bağlı həm Ümid Partiyasında, həm də təmsil olduğumuz Qarabağ Blokunda müzakirələr aparılır. Yaxın zamanlarda yekun qərardan sonra  blokda hazırlanan təkliflər paketi geniş şəkildə ictimaiyyətin müzakirəsinə təqdim ediləcək.