Azərbaycana 1 ton qızıl gətirildi

azerbaycana-1-ton-qizil-getirildi
Oxunma sayı: 691

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən alınmış LQMBİA standartlarına uyğun təxminən 1 ton qızıl (32150 troy unsiyası) Britaniyanın Brinks Qlobal Servisiz şirkəti tərəfindən Azərbaycana gətirilib və Azərbaycan Respublikası Mərkəzi Bankında müvəqqəti olaraq saxlanılacaq. ARDNF-dən “Qafqazinfo”ya verilən məlumata görə, Neft Fondunun yeni inzibati binasında müasir standartlara uyğun qiymətlilərin saxlanılması üçün xəzinə inşa edilməsi nəzərdə tutulub. ARDNF-nin yeni binası istifadəyə verildikdən sonra alınmış qızılın həmin xəzinədə saxlanılması planlaşdırılır.

Növbəti mərhələdə strateji əhəmiyyətli rezerv xarakteri daşıyan qızıl ehtiyatlarının ölkəyə gətirilməsi və burada saxlanılmasının təmin edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Neft Fondunun investisiya portfelinin diversifikasiyası və gəlirliliyinin artırılması məqsədilə Prezident İlham Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”a dəyişikliklər edilib, bu qaydalara uyğun olaraq yeni investisiya siyasəti qəbul edilib. Yeni investisiya siyasətinə əsasən investisiya portfelinin məcmu dəyərinin 5%-ə qədəri qızıla investisiya edilə bilər.

1 fevral 2012-ci il tarixindən etibarən London Qiymətli Metallar Bazarı İştirakçılarının Assosiasiyasının (LQMBİA) üzvü olan banklardan həmin qurum tərəfindən tətbiq edilən tələblərə uyğun olan 25 qızıl külçənin (10 000 troya unsiyası) həftəlik alışına başlanılmışdır. Qiymət dəyişkənliyi riskinin minimuma endirilməsi məqsədilə, alınması nəzərdə tutulan qızılın ümumi miqdarının mərhələli şəkildə (həftələr üzrə) bərabər miqdarda bölüşdürülməklə 2 il müddətində Fondun investisiya portfelinə daxil edilməsi planlaşdırılmışdı.

2012-ci il 31 dekabr tarixinə ARDNF-nin investisiya portfelinə daxil edilmiş qızılın miqdarı 14 934 kq (480 146 troya unsiyası) təşkil edib.
Fond tərəfindən alınmış qızılın müvəqqəti saxlanılması üçün bu sahədəki müsbət təcrübələri və saxlama xərcləri nəzərə alınaraq JP Morgan Bankının London anbarı seçilmişdi.

Nigar Məmmədli