Azərbaycana 100 təcili yardım avtomobili gətiriləcək

azerbaycana-100-tecili-yardim-avtomobili-getirilecek
Oxunma sayı: 2558

“Bu gün koronavirus xəstələri ölkənin 35 şəhər və rayonunda yerləşən 50 xəstəxanada müalicə alırlar. Bu xəstəxanaların 36-sı Sizin Sərəncamınızla son müddət ərzində inşa edilib”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədov Prezident İlham Əliyevə məruzəsində bildirib:

“Qısa müddətdə modul tipli xəstəxanalar istifadəyə verilib. Əlavə olaraq, cənab Prezident, son günlər koronavirusla mübarizəyə ambulator tipli müəssisələr də cəlb olunub. Onların 40-ı Bakıda simptomsuz yoluxmuş şəxslərə evdə xidmət göstərmək üçün ayrılıb. Hazırda xəstəliyin müalicəsi üçün ayrılmış çarpayıların ümumi sayı 10 mindən artıqdır və bu istiqamətdə işlər aparılır. Qısa müddətdə 300-dən artıq süni tənəffüs aparatları ölkəyə gətirilib, xəstəxanalara verilib. Ən müasir ECMO cihazlarının sayı artırılıb. Cənab Prezident, son dövrdə təcili tibbi yardımın xidmətlərinə əhali tərəfindən müraciətlərin sayının artması səbəbindən əlavə avtomobillərə tələbat artıb. Tapşırığınızla xaricdən sifariş olunmuş 84 avtomobil ölkəyə gətirilərək tibb müəssisələrinə paylanılıb. İyul-avqust aylarında əlavə olaraq 100 təcili yardım avtomobili gətiriləcək. Fevral ayında koronavirus infeksiyasının müəyyən olunması üçün ölkədə cəmi 6 xüsusiləşdirilmiş laboratoriya mövcud idi və onların gün ərzində minə yaxın test aparmağa imkanı var idi. Hazırda laboratoriyaların sayı 30-a çatdırılıb və gündəlik test imkanları 10 mindən çoxdur. Yaxın zamanlarda əlavə olaraq laboratoriyaların sayı çoxaldılacaq və testlərin sayı 12-13 mini keçəcək.

Məlum olduğu kimi, Ümumdünya Səhiyyə Təşkilatı və epidemioloqların ümumi rəyinə görə, bu xəstəlikdən qorunmaq üçün tibbi maskalar vacibdir. Qısa müddət ərzində 50 milyondan artıq maska Azərbaycana idxal olunub. Sizin tapşırığınızla operativ görülmüş işlər nəticəsində yerli istehsal təşkil olunub və nəticədə 10 milyona qədər maska istehsal edilib. Bu gün Azərbaycanda 14 milyondan artıq maska var və yerli istehsal davam edir”.