“Qafqazinfo” xəbər verir ki, 1 il müddətində 8 ölkənin rəhbəri, 8 baş nazir, 7 parlament sədri, 26 beynəlxalq təşkilat rəhbəri ölkəmizdə olub.
2014-cü ildə Azərbaycana ilk səfər edən Gürcüstanın yeni Prezidenti Georgi Marqvelaşvilinin Bakıda Prezident İlham Əliyevlə görüşüb. Fevral ayında isə Bolqarıstan Respublikasının Baş naziri Plamen Oreşarski, Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin Azərbaycana səfər ediblər. Fevralda Monako Knyazı II Albert Azərbaycana gəlib. Aprel ayında Türkiyə Respublikasında keçirilən bələdiyyə seçkilərindən sonra bu ölkənin o zaman Baş naziri olan Rəcəb Tayyib Ərdoğan Azərbaycana işgüzar səfər edib. Həmin ay Kamboca Krallığının Baş naziri Hun Senin rəhbərlik etdiyi nümayəndə heyəti də Azərbaycana səfər edib.
Mayda Fransa Prezidenti Fransua Ollandın Azərbaycana rəsmi səfəri əlaqələrin yüksək səviyyədə olduğunu göstərdi. Sonra Avropa Şurasının baş katibi Torbörn Yaqlandı və Avropa Şurası Parlament Assambleyasının sədri xanım Ann Brasör Bakıda olub.
İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalter, Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəyin, Qazaxıstan Respublikası Məclisinin sədri Kabibulla Djakupovun və Qırğızıstan Jogorku Keneşinin (parlamentinin) sədri Asilbek Jeenbekov, Avropa Komissiyasının sədri Joze Manuel Barrozu, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin prezidenti Herviq Van Staan, Monteneqro parlamentinin sədri, ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiç, Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin il ərzində ölkəmizi ziyarət ediblər.
Türkiyənin yeni seçilmiş Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimindən sonra - bu ilin sentyabr ayında ilk rəsmi səfərini məhz Azərbaycana etməsi bir daha təsdiq etdi ki, bu, artıq xoş ənənəyə çevrilməklə yanaşı, ölkələrimiz arasında strateji əməkdaşlığa və müttəfiqliyə verilən önəmin göstəricisidir.
Sentyabrda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razak, Bolqarıstan Prezidenti Rosen Plevneliev, Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu, Yunanıstanın Baş naziri Antonis Samaras, Monteneqronun Baş naziri Milo Cukanoviç ölkəmizə gəliblər.
İran Prezidenti Həsən Ruhani noyabr ayında Azərbaycana rəsmi səfər edib. Dekabrda Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani ölkəmizdə işgüzar səfərdə olub. Dekabr ayında Serbiya Respublikasının parlamentinin sədri Maya Qoykoviçin və Malta Respublikasının Baş naziri Cosef Muskatın başçılıq etdikləri nümayəndə heyətləri Azərbaycana səfər edib.
Beləliklə, bu il ərzində Azərbaycana 8 ölkə (Gürcüstan, Monako, Fransa, İsveçrə, Türkiyə, İran, Bolqarıstan, Əfqanıstan) rəhbəri, 8 baş nazir (Bolqarıstan, Türkiyə, Kamboca, Gürcüstan, Malayziya, Yunanıstan, Monteneqro, Malta), 7 parlament sədri (Türkiyə, Qazaxıstan, Qırğızıstan, Monteneqro, Rusiya, Albaniya, Serbiya) səfər ediblər. Ötən il Prezident İlham Əliyev 26 beynəlxalq təşkilatın rəhbər və nümayəndə heyətlərini qəbul edib. Ümumiyyətlə isə beynəlxalq təşkilatların və onların müxtəlif strukturlarının təmsilçiləri Azərbaycana 40-a yaxın səfər ediblər.
Son xəbərlər
Son Xəbərlər