Qələbədən sonra bir çoxumuz ölkəmizin iki yaşındakı ağlını və hərəkətlərini Ermənistanın otuz, otuz iki yaşındakı davranışları ilə müqayisə edirik və iki yaşda etdiyimiz səhvləri və onların doğurduğu acı nəticələri düşmənimizin ifasında canlı şəkildə müşahidə edirik. Qərbin püskürdüyü demokratiya alovunun hənirtisindən xumarlanan, tüstüsündən isə başı dumanlanan Ermənistan səhvi səhvin, yanlışı isə yanlışın ardınca etməkdədir.
Kim bilir, bəlkə də Paşinyan bəzi ermənilərin dediyi kimi türkdür və hətta Azərbaycan türküdür və bizim İrəvandakı “troya atı”mızdır, öz missiyasını həyata keçirir. Bəlkə də o, Saakaşvilini Gürcüstan, Ukraynanı isə Zelenski vasitəsilə “demokratiya ixracı”na qurban verən Qərbin “demokratikləşdirmə” prosesinin əsl mahiyyətini üzə çıxarmaq üçün “mavr” rolunu üzərinə götürüb.
Ya da ki, bir neçə il əvvəl Suriyada qətlə yetirilən azyaşlı Buğra Kaan Sermihanın son nəfəsdə “Mənə etdiyiniz hər şeyi Allaha deyəcəyəm. Hər şeyi deyəcəyəm Allaha!” dediyi kimi, düz altı il əvvəl 2017-ci ilin iyulun 4-də erməni gülləsinə tuş gələn balaca Zəhramız da son nəfəsində hər şeyi Allahına deyəcəyini pıçıldamışdı. Bəlkə də heç birimizin eşidə bilmədiyi, ancaq Allahının çox dəqiq eşitdiyi o məsum pıçıltının gücü idi Qarabağda tufan qoparan! Şəri öz alovunda yandırmaqla cəzalandıranın məntiqi idi ki, Ermənistana həqiqətən də səriştəsiz və təcrübəsiz bir “demokrat” bəxş etməklə həm erməni yalanınlarını ifşa etdi, həm də onun üzərindən qurulan oyunları pozmuş oldu bəlkə də.
Bu sualın cavabı hər nədirsə, onu bilməyə bilərik. Ancaq bir onu əminliklə deyə bilərik ki, düşmənin hər bir yanlışından dövlət olaraq məharətlə istifadə edir və zamanında elə bizim səhvlərimizdən yararlanaraq əldə etdiyi uğurları bir-bir onun əlindən alırıq.
Artıq təkcə məzhəbin deyil, həm də ixtisasın itməkdə olduğu cəmiyyətimizdə hamının siyasi, iqtisadi və hətta hərbi və hüquqi şərhlər verdiyi iki ildən artıq bir zamanda düşmənin etdiyi yanlışlar və bunun nəticəsində əldə etdiyimiz uğurlardan bir-bir danışmayacağam. Sadəcə otuz il davam edən faciələrimizin və fəlakətlərimizin başlandığı Laçındakı sərhədimizdə nəzarətin bərpa edilməsi hadisəsinə münasibət bildirməyə çalışacağam. Ancaq ixtisasından asılı olmayaraq siyasi və hüquqi şərh verənlərdən, verilişlərdə dəvət etdikləri ekspertlərdən daha çox danışmaqda yarışa girən aparıcılardan və zamanında elə Laçına nəzarəti itirməklə iyirmi faiz ərazilərimizin itirilməsinə səbəb olanların bu gün Laçında nəzarət buraxılış məntəqəsinin qurulması ideyasını özlərinə aid etməklə fəxr edənlərdən fərqli olaraq real və məntiqi arqumentlər əsasında.
Bəli, Laçında Azərbaycanla Ermənistanın sərhədi yerləşir və bu müharibədən sonra aramızda aparılan sülh prosesinin predmetlərindən biridir. Bizim ən böyük sərhədimiz ən böyük düşmənimiz olan (“böyük” sözü Ermənistana deyil, onun bizə olan kininə, nifrətinə və düşmənçiliyinə aiddir) Ermənistanladır – 1007 km. Türkiyəyə Ermənistanla 311 km uzunluğunda olan sərhədini açmaqla bağlı təzyiqlər edən bəzi qüvvələr bizim Ermənistanla 1000 km uzunuluğunda olan sərhədimiz boyunca yalnız bir nəzarət buraxılış məntəqəmizin qurulmasını az qala qlobal bir problemə çevirməkdədirlər. Təbii ki, Ermənistanın hər bir təxribatına məntiqlə və layiqli şəkildə cavab verərək regionda sülh və ədalət istiqamətində atdığımız istənilən addıma görə bizə qarşı olan qüvvələrin səfərbərliyini görürük. Təbii ki, ümumilikdə 3360 km uzunluğunda olan sərhədimizin yeganə nəzarətsiz qapısında da nəzarəti bərpa etdiyimizə görə erməni pulu ilə onları sevənlər qələm və kağızlarını işə salacaqlar.
Azərbaycana qarşı növbəti səfərbərliyin və səlib yürüşünün şahidi olacağıq. Ancaq bizi narahat edən artıq öyrəndiyimiz bu məsələ deyil. Bizi qayğılandıran əsas məsələ daxilimizdəki bəzilərinin bilərəkdən, bəzilərinin isə ingilis sözü olan “comment” sözünü belə ingilis dilində tələffüz etməyi bacarmayıb, elə öz dilimizdə tələffüz etmələrinə baxmayaraq axına qoşulmaq həvəsindən yanlış fikirlər səsləndirmələridir. Ermənistan tərəfinin qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdacaqlarını duyduğundanmı, Azərbaycana qarşı hansısa növbəti təxribatı hazırladığındanmı və ya digər daha ciddi səbəblərdənmi bizdən öncə sərhəddə nəzarət-buraxılış məntəqəsini qurması faktına münasibət bildirmədən yanlış fikirlər səsləndirənlərimizin bu addımları formal baxımdan bu faktı görməzdən gələn beynəlxalq ermənipərəstlərin mövqeyindən fərqlənmir.
Prezident İlham Əliyevin demək olar ki, hər çıxışında Qarabağın və orada hələ də nəfəs almaqda olan erməni əsillilərin, vətəndaş olmaq hüququ olanların bizim daxili məsələmiz olduğunu, Ermənistanla apardığımız sülh prosesinə aid olmadığını deməsinə baxmayaraq yenə eyni hal davam edir. Prezidentin nəyi, necə və nə vaxt etməyi ən yaxşı şəkildə bildiyini deyənlərin bir çoxunun sülh prosesinə aid olan məsələləri, sülh prosesinə aid olmayıb, ancaq məkrli Ermənistanın hər vəchlə o prosesə daxil etmək istədiyi məsələlərdən ayıra bilməmələri informasiya mübarizəsində bizə qarşı bumeranq effekti verir.
Sadə bir misal kimi, 23 apreldə beynəlxalq hüquqa uyğun ədaləti bərpa etdiyimiz növbəti addımımızı Qarabağı “butılkaya bənzədərək onun tıxacını bağlamağımız və s.” kimi izah etməyə çalışanlar anlamırlar ki, bununla Qarabağdakı erməni əslli azərbaycanlıların legitim nümayındələrini Bakıya dəvətimizə İrəvanda bayrağımızı yandırmaqla və iki gənc əsgərimizi qanunsuz həbs etməklə cavab verən Ermənistana dəstək verirlər.
Əziz həmvətənlər, biz düşmənlə daha təhlükəli və çox təəssüf ki, düşmənin hələ də bizdən daha yaxşı manevr imkanlarına və bacarıqlarına sahib olduğu informasiya cəbhəsində vuruşuruq. Bəli, düşmən bizə ciddi nəzarəti təmin edə bildiyimiz döyüş meydanında, siyasi və diplomatik arenada böyük hesabla uduzur. Ancaq informasiya cəbhəsi hələ ki, eyni şərtləri və vəziyyəti diktə etmir və düşmən artıq özü də dərk edir ki, bizə zərbə vura bilsə, yalnız bu sahədə edəcəyimiz yanlışlardan bizə qarşı dezinformasiya şəklində məharətlə istifadə edə bilər.
Xəyal Bəşirov,
Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi.