Azərbaycana turistlər niyə gəlmir?- - Video

azerbaycana-turistler-niye-gelmir-
Oxunma sayı: 2624


“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, söhbət Azərbaycana turist cəlbindən gedir ki, bu Novruzda biz bunu müşahidə edə bilmədik. Hər il gələn iranlı turistlər də bu il gözümüzə daha az dəydi. Səbəblər müxtəlifdir. Amma ən başlıca səbəbi zənnimcə "Turistlər Azərbaycana niyə gəlsin?" sualının cavabında tapmalıyıq. Azərbaycanda turistləri cəlb edən nə var? Desəz ki, Qız qalası, Şirvanşahlar. Bağışlayın, bu tarixi məkanlar dünyanın diqqətini cəlb edə biləcək qədər maraqlı deyillər. Üstəgəl, indiki müasir görünüşləriylə. Bəlkə də Şirvanşahlara aqlay daşlarından yeni qəbr düzəltməsəydilər və yaxud Qız qalasına nişanlı qız kimi bəzək-düzəl vurmasaydılar, nəsə fikirləşmək olardı. Amma yenə də fikirləşmək üçün gec deyil. Məsələn, hamı bilir ki, Qız qalasının oxşarı Bakıdan 150 km aralıda, Şabran ərazisində 1232 metr hündürlükdə olan Çıraqqaladır. Sasani hökmdarları tərəfindən 4-6-cı əsrlərdə tikilən bu qala istehkam xarakterli olub və geniş bir ərazini nəzarətdə saxlaya bilib. Hətta inanclara görə, onun ən hündür bürcündə qalanan tonqalı Bakıda Qız qalasından müşahidə etmək mümkün imiş. Bunu bir neçə il əvvəl Amerikalı jurnalist Betti Bleyer də hazırladığı bir xəritədə göstərə bilmişdi. Amma biz bu cür gözəllikləri dünyaya göstərə bilmirik. Yəni, məhz bu şəkildə göstərə bilmirik. Dünya isə göstərir və bundan qazanır. 

Məsələn, bir neçə il əvvəl ANS-in xəttilə İordaniya Haşımi Krallığında olmuşdum. Bu ölkə məhz turizmin inkişafı sayəsində ayaq üstədir. Düzdür, oradakı tarixi məkanları Azərbaycanla müqayisə etmək mümkün deyil. Bizim nə dünyanın 7 möcüzəsinə inanclı Petramız var, nə ƏL-Xəzinəmiz, nə də Zevsin məbədini özündə qoruyub saxlayan Ceraş şəhərimiz. Amma bizim də Şəki kimi muzey şəhərimiz var ki, oranın hər daşı özü bir tarixdir və bir də görüb-götürmək bacarığımız var. Şəxsən mən dəvəsi ölmüş bu ərəblərdən öyrənməli çox şeylər olduğunu düşünürəm. Onlar turistləri ələ almaqdan ötrü nələr etmirlər? Hər gün 2 km yolu 1800 şamla bəzəyir və bu yolun sonunda onları nə gözlədiyinin həyəcanını yaşadırlar. Və sonda səni sadəcə şamların əhatəsində ruh kimi dolaşan ney çalan ərəb qarşılayır. 

Qonşu Türkiyə və İran da bu baxımdan nümunədir. Türkiyədə Topqapı da daxil olmaqla istənilən tarixi muzeyin qabağı bu cür qələbəlikdir. İranın İsfahan şəhərini isə bu Novruz günlərində 6 milyon yerli və əcnəbi turist ziyarət edib. Deməli diqqət çəkən çox şeylər var. Tehranda sonuncu İran şahı Məhəmməd Pəhləvinin sarayı da bu qəbildəndir. Şahbanu Fərəh Pəhləvinin qaçdığı anda soyunub atdığı paltar bu saray muzeyində olduğu kimi saxlanılır. Yəni, onu ata da bilərdilər, saxlaya da. Amma saxlamaqla təkcə tarixi olduğu kimi yox, həm də öz ölkələrini turistlərin diqqət mərkəzində saxlaya biliblər. Bizsə iki ayrı-ayrı məfhumu bir adda birləşdirən nazirlik saxlayırıq ki, bu haqda düşünmək də məhz onların işidir. Onlar da yəqin gözəl bilirlər ki, kabab iyinə gələn turist bura bir də gəlmək istəməyəcək. Axı bizim bununla bağlı məşhur atalar sözümüz də var axı...