“Azərbaycana yaraşan futbol oynadıq” - “Qarabağ”ın prezidenti

“Azərbaycana yaraşan futbol oynadıq”
Oxunma sayı: 5015

““Qarabağ”a və Azərbaycana yaraşan futbol oynadıq. Biz səfərdən möhtəşəm qələbə ilə qayıtdıq. Fəxr edirik və çox sevinirik”.

“Qafqazinfo” Report.az-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstanda "Ferenstvaroş"u 3:1 hesabı ilə məğlub etdikləri cavab oyunundan sonra Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib.

Funksioner artıq pley-off mərhələsində Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə görüşlərə köklənəcəklərini bildirib:

"Bir həftə sonra rəqib Bakıya gələcək. Avqustun 23-də cavab qarşılaşması gerçəkləşəcək. Bu, mənim doğum günümə təsadüf edir. Mən də həmin vaxt səfərdə olacağam. Məncə, bu, tarixin ən güclü "Qarabağ"ıdır. Kadi Borges və Riçard Almeydanın cavab görüşündə iştirak etməsi bizə çox köməklik etdi. İnanıram ki, "Qarabağ" qarşıdakı oyunlarda da bizi sevindirəcək".

Klub rəhbəri rəqibin prezidenti Qabor Kubatovun matçdan sonrakı fikirlərinə də toxunub: "O söylədi ki, bizdən daha güclü olan komandaya uduzduq. Onu çox təqdir etdim".

Tahir Gözəl "Qarabağ"ın adının Avropada və dünyada tanındığını söyləyib: "Səfərə çıxanda və "Qarabağ"ın prezidentiyəm deyəndə bizi tanıyırlar. İtaliyada restoranda dedilər ki, "Roma" ilə görüşümüzü xatırlayırlar. Artıq "Qarabağ" tanınan brenddir. Bunun üçün fəxr edirəm. Daim diqqət mərkəzindəyik və oyunçularımıza da tələbat var".

O, hədəflərinin növbəti dəfə Çempionlar Liqasının qrup mərhələsində çıxış etmək olduğunu diqqətə çatdırıb: "Bizim məqsədimiz "Qarabağ"ın adını, ölkəmizi böyük şərəflə dünyada tanıtmaqdır. Çempionlar Liqasındakı oyunlar maddi cəhətdən də "Qarabağ"a çox köməklik edir. Bildiyiniz kimi, klubun öz gəliri yoxdur. Ən böyük sponsoru "Azersun Holdinq"in sayəsində buralara gəlib. Avrokuboklar "Qarabağ"ın gələcəyi üçün çox önəmlidir. Hər şey göstərir ki, biz doğru yoldayıq".

T.Gözəl bəzi xarici klubların onlardan stabilliyin sirlərini soruşduğunu deyib: "14 il eyni baş məşqçi ilə yola davam etmək rekorddur. Mənim onlara cavabım odur ki, "Qarabağ"ın özünəməxsus hekayəsi var. Bu klub özünü göstərmək istəyən, pul qazanmaq haqqında fikirləşən prezidentdən və futbolçulardan ibarət deyil. "Qarabağ"ın hekayəsi hamımıza ilham verir. "Qarabağ" adı bizə böyük məsuliyyət verir. "Ferenstvaroş"un azarkeşi oyundan sonra mənə dedi ki, "Qarabağ"da güc var idi. Siz həmin işıq və motivasiya hesabına qalib gəldiniz".

"Köhlən atlar"ın rəhbəri pley-offdakı rəqiblərinin də güclü olduğunu söyləyib: "Qarabağ" çox cəsarətli oyun sərgiləyir. Hesab edirəm ki, pley-offda da öz bacarığımızı göstərəcəyik. Klubumuza inanıram".

Qeyd edək ki, dünən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Ferentsvaroş” (Macarıstan) – “Qarabağ” (Azərbaycan) komandaları arasında cavab oyunu keçirildi.  “Qarabağ” 3:1 hesabı ilə qələbə qazanaraq Çempionlar Liqasının pley-off-una yüksəlib.