Azərbaycanda 84 polis işdən qovulub

azerbaycanda-84-polis-isden-qovulub
Oxunma sayı: 1944


“Qafqazinfo” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin bu gün baş tutan kollegiya iclasında nazir Ramil Usubov deyib. O, bildirib ki, hesabat ilində vətəndaşlardan Nazirliyə 45 minə yaxın, o cümlədən elektron poçt ünvanına 9800 müraciət daxil olub, onların yalnız 3 faizini polis əməkdaşlarından şikayətlər təşkil edib. 

O da nəzərə çatdırılıb ki, xalqa xidmət funksiyalarının icrasının və vətəndaş məmnunluğunun daha effektli təşkilinin zəruriliyi baxımından, qanunçuluğun qorunması işinə də böyük tələbkarlıqla yanaşılıb. Nəticədə polis əməkdaşları tərəfindən döymə, işgəncə vermə, qanunsuz axtarış aparma, tabel silahından qanunsuz istifadə etmə halları qeydə alınmayıb. İnsan hüquq və azadlıqlarının pozulması məzmunlu şikayətlər hərtərəfli və obyektiv araşdırılıb, təsdiqlənmiş faktlar üzrə qanuni qərarlar qəbul edilib. Belə ki, daxili nəzarət qaydasında həyata keçirilən tədbirlərlə vətəndaşlarla kobud rəftara görə 118, əsassız saxlamaya görə 35, əsassız polisə gətirməklə bağlı 28 fakt üzrə 341 əməkdaş barəsində müvafiq tənbeh tədbirləri görülüb. Korrupsiya hüquqpozmaları ilə əlaqədar aşkarlanan 66 fakt üzrə intizam məsuliyyətinə cəlb olunan 106 əməkdaşdan 84-ü xidmətdən xaric edilib, 20-si aşağı vəzifəyə keçirilib, 2-si barədə digər tənbeh növləri tətbiq edilib. Məruzədə əldə olunan uğurlarla bərabər xidməti fəaliyyətdə olan nöqsan və çatışmazlıqları da nəzərə çatdıran nazir kollegiya iştirakçılarının diqqətini onların hərtərəfli təhlilinə, aradan qaldırılması yollarına, həmçinin qarşıda duran vəzifələrə yönəldib.