Azərbaycanda anemiya xəstəsi olan uşaqların sayı artıb

azerbaycanda-anemiya-xestesi-olan-usaqlarin-sayi-artib
Oxunma sayı: 1330

“Vaxtından əvvəl doğulan və doğum çəkisi az olan uşaqlarda anemiya müşahidə olunur”.

“Qafqazinfo” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov deyib.

O bildirib ki, ana bətnində kifayət qədər qala bilmədiklərinə görə belə uşaqlarda qanazlığı müşahidə olunur.

“Bəzən yenidoğulmuş vaxtında doğulsa da, onda fizioloji anemiya müşahidə edilə bilər. 8 həftədən 2 aya qədər anemiya davam edə bilər. Əsas səbəb ana bətnində uşağın hemoqlobinin fərqli struktura mail olması, doğulandan sonra dəyişməsidir. Bu dövrdə eritrositləri formalaşdıran maddə yüksək olur. Doğulandan sonra isə eritrositləri formalaşdıran maddə normadan aşağı olur və bu zaman problem yaranır. Bir də yeniyetməlik dövründə uşaqlarda anemiya olur. Çünki bu dövrdə uşaqlarda sürətli döyümə gedir və dəmir depoları kifayət qədər olmur”.

Həkim, həmçinin bildirib ki, ÜST-nin məlumatına görə, dünyada 30 faiz əhali, xüsusilə də məkəbəqədər uşaqların 40 faizi qanazlığından əziyyət çəkir.

Statistikaya görə, 0-13 yaşarası uşaqlar arasında qanazlığı müşahidə olunur. Ölkədə ötən il üçün ilk dəfə anemiyadan əziyyət çəkən 0-13 yaş arasında 21 986 nəfər dispanser qeydiyyatına alınıb. Bu göstərici 2020-ci illə müqayisədə artıb. Həmin ildə qeydiyyata alınanların sayı 19 662 nəfər olub.

Qanazlığının əlamətlərinə gəlincə isə, E. Rəhimov əlavə edib ki, bura halsızlıq, iştah azlığı, rəng solğuluğu, baş gicəllənmələri, idmanla məşğul olmaq istəməmək, tez-tez nəfəs alma və digər əlamətlərdir. Getdikcə ağırlaşmalar artır və anemiya dərinləşir. Hətta bayılmalara qədər gətirib çıxarır. Bunun üçün həkimə müraciət olunmalı və müalicə olunmalıdır.

Gülnar Əliyeva