Azərbaycanda bank dəfn pulunu kredit borcuna tutub - Video

Azərbaycanda bank dəfn pulunu kredit borcuna tutub
Oxunma sayı: 3303

Ölmüş adama görə ödənilən dəfn pulu kredit borcuna yönləndirilib.

“Qafqazinfo” Xəzərxəbər-ə istinadən xəbər verir ki, bu iddia ilə Biləsuvar rayon sakini Faiq Əsgərov çıxış edib.

Onun sözlərinə görə, anası Elmira Abbasova oktyabr ayının 24-də vəfat edib. Faiq Əsgərov  noyabr  ayında  anasının ölümü haqqında şahadətnaməni  aidiyyəti quruma təqdim edib. Ona bildirilib ki, 720 manat məbləğində olan vəsait  poçt vasitəsi ilə ödəniləcək.

Lakin bir müddət sonra bu ödənişin yubanması ilə əlaqədar Faiq Əsgərov "142 çağrı mərkəzi"nə zəng edib. Ona bildirilib ki, adına cəmi 166 manat pul ayrılıb. Faiq iddia edir ki, vəfat etmiş anasının pensiya kartına köçürülən pulunun 554 manatı  kredit borcuna görə tutulub.

Məsələ ilə  bağlı  Dövlət Sosial Müdafiə Fondundan bildirilib ki, vətəndaşların hesabına köçürülən vəsaitlərdə Fond tərəfindən hər hansı tutulmalar aparılmır. Mərhum Elmira Abbasovanın 2022-ci ilin noyabr ayı üzrə əmək pensiyası tam məbləğdə köçürülüb. Eyni zamanda, Elmira Abbasovanın vəfatı ilə bağlı dəfn xərci olaraq vəsait də onun vərəsəsi olan oğlunun hesabına tam məbləğdə köçürülüb. Hesabına köçürülmüş vəsaitdən  tutulma ilə bağlı vətəndaşın  müvafiq banka müraciət etməsi tövsiyə olunur.