Azərbaycanda Bank dünya çempionunu aldatdı

azerbaycanda-bank-dunya-cempionunu-aldatdi-
Oxunma sayı: 646

Əlbəyaxa döyüş növü üzrə 2008-2011-ci il dünya çempionu, 2011-ci ildə uşu sanda üzrə dünya ikincisi, Avropa finalçısı Anar Süleymanov BTB Bank tərəfindən aldadılıb.

Bu barədə “Qafqazinfo”ya açıqlama verən idmançı bildirib ki, adı çəkilən Bankda 5 ay kredit mütəxssisi işləməsinə baxmayaraq onu aldadıblar və bir qəpik də pul verməyiblər: “5 ay bundan əvvəl BTB Bankda işləmək üçün mənə sınaq müddəti kimi şans verdilər. Mən sınaq müddətimi işləməyə başladım və dedilər ki, bu müddət ərzində 100 min AZN krediti versən, səni rəsmi işə götürərik. Mən orda 5 ay işlədiyim sınaq müddəti ərzində 100 min yox, 200 minə yaxın kredit verdim və o banka 20 min manat pul qazandırdım. Müştərilərlə bütün telefon danışıqlarını və başqa xərcləri öz vəsaitimlə ödəmişəm. Burda işə başladığım üçün idman üzrə 2 böyük yarışmaya qatılmadım. Maddi çətinliyim olduğu üçün işimi yarıda qoyub getmədim. Bunlar isə mənə maaş pul vermədilər. Halbuki bu verdiyim 200 min manat kreditlərin bonusunu mənə verməli idilər. 5 aydan sonra da məni rəsmi olaraq işə götürmədilər. 5 ay sonra da heç bir səbəb olmadan müdiriyyət mənimlə işləmək istəmədiyini bildirdi və işdən çıxarıldım. Deyim ki, müdiriyyət məndən çox razı idi. Ona görə ki, mən 2 dəfə departament sədrinin yanına getmək istədim, lakin onlar qəbul etmədi. Kadr şöbəsinin müdiri ilə görüşdüm, o isə məni işə götürəcəklərini söylədi. Mənim işimi çox bəyənmişdi. Ancaq buna baxmayaraq onlar məni çıxartdılar. Mən küçə-küçə düşüb müştəri yığmışdım, 200 min kredit vermişdim. Bu zəhmətimin qarşılığında bir manata da sahib olmadım. Mən BTB Bankın İdarə Heyətinin sədri Emil Rzayevin şəxsi elektron poçtuna bunları yazdım:

“Demək ki, sizin qapınızı döymək, yıxılarkən əl uzatdığın saman çöpündən yağışmaqdan belə betər imiş. 5 aydır bankda təmənnasız işləyən, 2 ay ərzində 200. 000 AZN kredit portveli toplayan və ödənişlərə nəzarət edən, dəfələrlə bayrağımızı qaldıran vətəndaşa (sahibsiz biri), və sonunda da "sənə bizim bankda iş yoxdur" sözünü ünvanladınız. Bizim Prezdentimiz idmançılara hörmətlə yanaşır. Amma onlar mənimlə düz hərəkət etmədilər”.

Hələ ki, heç bir cavab ala bilməmişəm. Bir neçə gün öncə ora xasiyyətnamə almaq üçün getdim, lakin onu da vermədilər. Bir insanla heç bir günahı olmadan belə insafsızlıq edərlər?”.

Onu da qeyd edək ki, dünya çempionumuzun aldadılma hadisəsi BTB Bankın Xətai metrosu yaxınlığındakı filialında baş verib.

Qeyd edək ki, BTB Bankın Bakı futbol klubunun prezidenti Hafiz Məmmədova (Hafka) bağlı olduğu bildirilir.

Aynur Babayeva