Azərbaycanda blogger oğurlanıb - - Yenilənib

azerbaycanda-blogger-ogurlanib-
Oxunma sayı: 2833


Oğurlanma anını Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) əməkdaşı görüb və Hesablama Palatasının izləmə kameraları çəkib.

M.Hüseynovu oğurlayanlar onu qara rəngli cip Prado avtomobilinə əyləşdirərək başqa ağ rəngli maşının müşayiətilə aparıblar.

“Qafqazinfo” xəbər verir ki, RATİ-nin direktoru Emin Hüseynov Turan-a bildirib ki, oğurlanma barədə DİN-in 102 saylı xidmətinə məlumat verilib. Oğurlanma işi ilə Səbayel Rayon Polis İdarəsinin 39-cu bölməsi məşğul olur.

RATİ-nin əməkdaşları iki gün ərzində təşkilatın ofisinin həyətində şübhəli adamların olduğunu görüblər, izləmə kamerası onları çəkib. Şənbə günü onlardan biri RATİ-nin ofisinə gələrək özünü Nəsimi Rayon Polis İdarəsinin əməkdaşı kimi təqdim edib və Mehman Hüseynovun yerini soruşub. Ondan vəsiqəsini tələb etdikdə naməlum şəxs aradan çıxıb.

“Şənbə günü biz Nəsimi polisinə zəng edərək Mehmanı axtarıb-axtarmadıqlarını soruşduq. Bizə cavab verdilər ki, onu heç kim axtarmır”, - RATİ-nin rəhbəri bildirib. 

İyunun 18-də M.Hüseynov Nəsimi Rayon Polis İdarəsinə çağırılıb. Bu barədə bildiriş Polis İdarəsinin istintaq şöbəsinin baş müstəntiqi kapitan Babək Rüstəmovun adından göndərilib. Bildirişin yalnış tərtib edildiyi məlum olanda növbəti gün müstəntiq anlaşılmazlıq olduğunu bildirərək polisə gəlməyi ləğv edib.

2012-ci il iyunun 12-də “Eurovision” mahnı müsabiqəsindən sonra E.Hüseynov polis əməkdaşına qarşı xuliqanlıqda şübhəli bilinərək saxlanılıb. Əslində isə həmin polis əməkdaşı onun etiraz aksiyasını işıqlandırmasına maneçilik törədib.

İki gündən sonra E.Hüseynovu buraxıblar. Lakin iş bağlanmadığından o, xaricə gedə  bilməyib.

2013-cü il oktyabrın 2-də prezident seçkiləri ərəfəsində E.Hüseynovu prokurorluğa çağıraraq prezidentliyə namizədlərlə bağlı satirik videoçarx yayımına görə xəbərdarlıq ediblər.

M.Hüseybov “Sancaq” satirik bloqunu yaradıb. Hakimiyyət nümayəndələri dəfələrlə ona xeyli məbləğin müqabilində öz saytını satmağı ya da bağlamağı təklif ediblər.

***

Oğurlandığı bildirilən Mehman Hüseynov qayıdıb. O, Musavat.com-a açıqlamasında bildirib ki, Nəsimi Rayon Polis İdarəsinə aparılıbmış. Orada blogerə bildirilib ki, barəsində şikayət var. Mehman Hüseynova deyilib ki, aprel ayında hansısa fahişəxana haqqında reportaj hazırlamaq üçün ora gedib və obyektin sahibinin kimliyi ilə maraqlanıb. Onun qarşısına çıxan adam bu barədə məlumat verməkdən imtina etdikdə isə bloger onu ifşa edəcəyi ilə hədələyib. Həmin şəxs Mehman Hüseynov tərəfindən hədələndiyini iddia edərək, polisə şikayət ərizəsi yazıb.

Mehman Hüseynov isə deyir ki, belə bir hadisə baş verməyib: “Ya məni şərləmək istəyirlər, ya da kimsə mənim adımdan istifadə edib”.

***

Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov “Qafqazinfo” ya açıqlama verib. “Mehman Hüseynov oğurlanmayıb. O vətəndaşın şikayəti əsasında saxlanılıb.  Mehman Hüseynov vətəndaşa hədə-qoorxu gəldiyi üçün bölməyə aparılıb. Onu Nəsimi Rayon polis idarəsinə aparıblar. Orada ifadəsi alınıb və sərbəst buraxılıb”