Maraqlıdır ki, bu müqayisəni, adətən indinin cavanlarına baxıb edirlər - “O vaxtın kişiləri belə deyildi”... Nədir bu fərq, şikayət, indiki cavan oğlanları fərqləndirən meyarlar?..
Diqqətlə nəzər salsaq, adi saç düzümü, geyim tərzindən tutmuş davranışa qədər əksər oğlanlarda “böyük dəyişiklik”, bir növ “qızlaşmaya” meyilllik hiss olunur.
Konkret olaraq oğlanlarda qızlara xas olan incəlik, zəriflik və s. əlamətlər müşahidə edilir. Ən pisi, bu halın getdikcə kütləviləşməsidir.
“Qafqazinfo”nun Modern.az-a istinadla məlumatına görə, psixoloq Elnur Rüstəmov prosesin bu formada kütləviləşməsinin tək səbəbini müasir informasiya mübadiləsində görür.
Psixoloq deyir ki, müasir dövrdə gənc oğlanların incə davranışlara meyl etməsinin ən böyük təsiri mediadan gəlir.
İnformasiya mübadiləsi bu problemin özəyidir
“Eyni proses, təbii ki, öncələr də var idi. Yəni, hər hansı bir kişidə qadın xüsusiyyətləri üstünlük təşkil edə bilər, yaxud da əksinə. Sadəcə, keçmiş dövrlərdə belə qabarıq formada deyildi. Ancaq indi informasiyanın genişlənməsi, bu prosesin insanların düşüncəsində adiləşməsi, bir qisim gənc və yeniyetmələrdə özünü fərqli diqqətə çəkmək kimi görünmək istəyi bu halları sürətləndirdi. Məsələn, bu gün bir sıra gənclər var ki, gey olmaqdan qorxur və bu qorxu, onların hərəkətlərində, davranışlarında, geyimlərində büruzə verilir.
Bir sözlə, onu deyim ki, informasiya mübadiləsi, bu kimi insanların daha da artmasına gətirib çıxarır.
Belə ki, onlar artıq sərbəst şəkildə təşkilatlanırlar, aralarında informasiya mübadiləsi edə bilirlər və bu kimi faktorlar, ətraflarının daha da genişlənməsinə gətirib çıxarır”.
Medianın təsiri
Jurnalist-teletənqidçi Qulu Məhərrəmli isə məsələyə belə münasibət bildirib:
“Bu problemdə medianın böyük təsiri olmasından əlavə əsas səbəb kimi ailə, çevrə və mühitdir. Ümumiyyətlə, bu məsələdə medianın müəyyən təsiri var. Psixoloqlar hesab edirlər ki,bunun auditoriyaya təsirində nüanslar az deyil. Amma hər halda medianın təsirini həlledici hesab etmək olmaz. Bu kimi halları daha çox ictimai mühit, ətraf yaradır. Məhz bunun ardından media bir təsir kimi iştirak edəndən sonra bu, ənənəyə, vərdişə çevrilir və getdikcə yayılır. Bütün hallarda əsas səbəb, həmin gənclərin ailəsi, çevrəsi, mühiti və nəzarətdən kənarda qalmalarıdır.”
“Medianın özünü cəmiyyət formalaşdırır”
Jurnalist məsələdə cəmiyyətin əsas özək olduğunu vurğulayaraq, bir növ medianın formalaşmasının da cəmiyyətin öhdəsinə düşdüyünü bildirib.
“Bütün məsələləri medianın üzərinə yıxa bilmərik. Bu yanlış olar axı. Çünki media özü müəyyən dərəcədə güzgüdür. O, reallığı əks elətdirir. Amma bəzi hallarda yanlış yol tutan media hansı ki, sarı mətbuatdır, sensassiyaya meyillidir, burada onlar günahkardır. Amma bütün hallarda media bu dəbi yaratmır. Media bunu təmsil edir, tirajlayır. Gənclər nə qədər mediadan bu kimi yanlış meyarları örnək götürsələr də, onların ailələri, çevrələri də az təsir göstərmir. Bir də görürsüz, efirə çıxan aparıcı oğlan qız kimi hərəkətlər edir, danışığı, geyimi qıza bənzəyir. Təbii ki, bu düzgün hal deyil. Bunun qarşısını almağın yeganə yolu isə ictimai qınağın olmasıdır. Belə ki, tamaşaçı özü etiraz etməyi bacarmalıdır”.
Son xəbərlər
Son Xəbərlər