Azərbaycanda “donuz qripi” aşkarlanmayıb - Səhiyyə Nazirliyi

azerbaycanda-donuz-qripi-askarlanmayib
Oxunma sayı: 1868

Qonşu ölkələrdə “donuz qripi” diaqnozu ilə ölənlərin sayının artması ölkəmizdə narahatlığa səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, H1N1 virusundan Türkiyədə ölənlərin sayı 16, Ermənistanda isə 6-ya çatıb. 

Bəs Azərbaycanda vəziyyət necədir?

Respublika Gigiyena və Epidemiologiya Mərkəzində Baş direktorun epidemiologiya məsələləri üzrə müavini Afaq Əliyeva “Qafqazinfo”y açıqlamasında bildirib ki, hazırda ölkədə bununla bağlı bir sıra tədbirlər görülür:

“Qonşu ölkələrdə donuz qripinə yoluxanların sayının artması ilə əlaqədar olaraq respublikada bütün nəzarət tədbirlər həyata keçirilir. Hazırda Azərbaycanda donuz qripi virusu aşkar olunmayıb. Kəskin resperatur virus infeksiyaları qeydə alınır, bu, mövsümi qeydiyyatdır. Ağır gedişli resperatur virus infeksiyaları və qripəbənzər xəstəliklər laborator müayinədən keçirilir. Aparılan müayinələr nəticəsində H1N1 virusu ölkəmizdə müəyyən olunmayıb. Gündəlik nəzarət təmin edilir və qeydə alınan hadisələr barədə Səhiyyə Nazirliyinə müntəzəm məlumat verilir. Əgər hər hansı bir resperatur viruslu şəxs xəstəliyini ağır keçirirsə, laborator müayinələrə cəlb edilir”.

Mərkəzin direktor müavini sərhəd-keçid məntəqələrində nəzarətin tam təmin edildiyini bildirib:

“Sərhəddən keçən bütün nəqliyyat vasitələri dizinfeksiya olunur. Eyni zamanda, həmin ölkələrdən Azərbaycana gələn şəxslər tibbi müayinələrdən keçirilir.  Əgər hər hansı bir xəstəlik halı müəyyən olunarsa, həmin şəxslər qeydiyyata götürülür. Bu günə kimi heç bir xəstə aşkar olunmayıb, yəni sərhəd-keçid məntəqələrindən bizə xəstəlik barədə məlumat daxil olmayıb”. 

Xanım müavin virusdan qorunmaq üçün əhaliyə tövsiyələr də verib:

“İnsanların kütləvi yığıldığı yerlərdən mümkün qədər kənar qalmaq, hər hansı bir xəstəylə yaxın təmas zamanı maskalardan istifadə etmək lazımdır. Xəstələr müalicəyə cəlb olunmalıdır. Bir sözlə, hər bir kəs özünü qorumağı bacarmalıdır. Bildiyimiz kimi, xəstəliyin əsas göstəricisi yüksək temperaturdur və hərarəti qalxan şəxslər mütləq həkimə müraciət etməlidir. Xəstəliyin diaqnozu yalnız laborator müayinə nəticəsində qoyulur. Hər yüksək temperaturu olan şəxsə “donuz qripi” diaqnozu qoymaq olmaz. Hökmən laborator müayinələr aparılmalıdır”.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev də jurnalistərin suallarını cavablandıran zaman Türkiyədə qeydə alınmış “donuz qripi” təhlükəsi ilə bağlı Azərbaycanın gömrük keçid-məntəqələrinin gücləndirilmiş iş rejiminə keçdiyini bildirmişdi. Komitə sədri onu da vurğulamışdı ki, yaxın zamanlarda nazirliyin təcrübəli həkimlərinin iştirakı ilə Komitəsinin tərkibində olan həkim briqadaları üçün seminar-treninqlərin keçirilməsi də nəzərdə tutulub.

Günel Hacı