Azərbaycanda “Ebola” virusu təhlükəsi…

azerbaycanda-ebola-virusu-tehlukesi
Oxunma sayı: 2955


Adil Qeybulla: «Sərhəd-keçid məntəqələrində profilaktik tədbirlər gücləndirilməlidir»

“Qafqazinfo”nun bizimyol.info-ya  istinadən məlumatına görə, azırda dünyanı təhlükə altında saxlayan viruslardan biri Afrika ölkələrində yayılmış  "Ebola" virusudur. Artıq yüzlərlə insan bu xəstəlikdən dünyasını dəyişib. Virus tər, qan, tüpürcək yolu ilə yayılır. Hazırda Ümumdünya Səhiyyə təşkilatı xəstəliyə qarşı vaksin hazırlamaq üçün işlər həyata keçirir. Xəstəliyin simptomları qızdırma, baş ağrısı, qusma və ishal, göz, burun və qulaq nahiyyələrində qanaxma baş verir. Virusun təbii qaynağının Afrikadakı meyvə yarasaları olduğu düşünülür.

Virus ilk olaraq Zair və Sudanda, daha sonra Uqanda və Konqoda aşkar edilib. Afrikanın qərbində başlayan və getdikcə yayılan "Ebola" virusu ABŞ-dan sonra Avropaya da sıçrayıb. Getdikcə Azərbaycanın sərhədlərinə yaxınlaşmaqdadır. Belə ki, artıq Türkiyədə nigeriyalı turistlərin birində aşkar edilib. 

Ümumdünya Səhiyyə Təşkilatının  məlumatına görə, hazırda 1900-ə yaxın yoluxma və 1020-yə yaxın ölüm hadisəsi baş verib. Lakin ÜST hələ ki, bu ölkələrə turistik səfərlərin dayandırılması ilə bağlı bəyanat verməyib. ÜST mütəxəssislərinin fikrincə, virus insanlara xəstəliyə yoluxmuş ev heyvanlarının kəsimi zamanı da keçə bilər. Belə ki, qanla təmas xəstəliyin geniş vüsət almasına imkan verir. İnsandan insana, habelə sudan yoluxma ehtimalları da böyükdür. 

Xəstəlikdən qorunma metodlarına gəlincə, mütəxəssislər aşağıdakı ehtiyat tədbirlərin görülməsini tövsiyə edir:

- Digər yoluxucu xəstəliklərdə olduğu kimi, burada da ən əhəmiyyətli tətbiqlərdən biri əllərin nizamlı olaraq yuyulmasıdır.

- Ölü heyvanlarla təmasdan qaçmaq.

- Ov ətlərindən uzaq olmaq və sair.

Bəs, Azərbaycanda bu virusun yayılma təhlükəsi varmı? 

Qeyd edək ki, Azərbaycanın Afrika ölkələri ilə ticarət və turist əlaqələri geniş deyil. Virusun geniş yayıldığı dövlətlərdən ölkəmizə, əsasən sitrus meyvələri-banan, kivi, ananas idxal olunur. Hələ ki, ət və ət məhsullarının alqısı-satqısı prosesi aparılmır. Yerli mütəxəssislərin fikrincə, "Ebola" ölkəmizə bir neçə yolla daxil ola bilər. Birincisi, heyvanlar, uçan quşlar vasitəsilə. İkincisi, turizm səfərlərindən. Xüsusilə, Həcc ziyarətinin yaxınlaşması təhlükəni bir qədər də artırır.

Xatırladaq ki, bu il Azərbaycandan Həcc səfərləri sentyabrın 23-də başlayacaq. Ziyarətdən qayıdış isə Qurban bayramından 5 gün sonra - təxminən oktyabrın 10-da nəzərdə tutulur.

Səhiyyə Nazirliyi vəziyyətin nəzarət altında olduğunu bildirir. 

Nazirlik bununla bağlı şübhəli hal olarsa, müvafiq tədbirlər görüləcəyini açıqlayıb. Hələ ki, ölkəmizdə belə bir virus qeydə alınmayıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən bildirilib ki, epizodik vəziyyət sabit olmayan ölkələrdən heyvandarlıq məhsullarının gətirilməsinin qarşısı dərhal alır.

Qafqaz Müsəlmanları İdarəsi isə öz zəvvarlarına təlimatlar paylayıblar. Təlimatlarda zəvvarlara ancaq öz əşyalarından istifadə edilməsi, virusların yayıldığı regionlardan gələn insanlarla ünsiyyətə girilməməsi tövsiyə olunur. Eyni zamanda əhalinin sıx olduğu yerlərlə tibbi maskalardan istifadə edilməsini qeyd ediblər. 

Tibb üzrə ekspert Adil Qeybulla "Bizim Yol"a açıqlamasınada bildirib ki, qloballaşan dünyada Azərbaycan da sözügedən virusdan sığortalanmayıb: "Əslində, bu virusu "Ebola" adlandırsalar da, genetipik baxımdan yeni bir virusdur. Bu, genetipik baxımdan quduzluğa daha yaxındır. Yüksək hərarətlə başlayır, sarı qızdırma kimi çox təhlükəli bir gedişə malikdir. Virusun orqanizmdə kliniki əlamətləri görünürsə, bunu artıq müalicə etmək mümkün deyil. Xəstəlik o zaman biruzə verir ki, xeyli dərinə getmiş olur və daxili orqanları sıradan çıxarır. 

Ümumiyyətlə, viruslar həyatın qeyri-hüceyrəvi formasıdır. Onları orqanizmdə hədəf kimi tanımaq çox çətin olur. Çünki onlar orqanizmdən-orqanizmə keçərkən xarakterini dəyişirlər".

Ekspert indiki halda prosesi lokallaşdırmağın vacib olduğunu bildirdi: "Xəstəliyin geniş yayıldığı ərazilərdə miqrasiyanı məhdudlaşdırmaq lazımdır. Bütün yoluxan şəxslər disparenzasiya olunmalı, qanında virus aşkar olunan şəxslər təcrid olunmalıdır. Əlbəttə, bununla mübarizə bir ölkənin işi deyil. Ümumdünya Səhiyyə Təşkilatı da texniki yardımlar göstərməlidir. Yəni tədbirlər kompleks şəkildə həyata keçirilməlidir".