Azərbaycanda fransızdilli qəzetin Frankofoniya həftəsində təqdimatı

azerbaycanda-fransizdilli-qezetin-frankofoniya-heftesinde-teqdimati
Oxunma sayı: 690

Azərbaycanda Fransız İnstitutunda Azərbaycanın yeganə fransızdilli mətbu nəşri olan “Le Carrefour” (Yol qovşağı) qəzetinin və www.lecarrefour.az saytının Azərbaycanda Frankofoniya həftələri çərçivəsində təqdimatı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Fransanın Azərbaycandakı səfiri Orelia Buşez, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, millət vəkili Cavanşir Feyziyev, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, millət vəkili Kamran Nəbizadə, “Milli Məclis” jurnalının baş redaktoru Ülviyyə Abdullayeva, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Fransa səfirliyinin, müxtəlif media təşkilatları və orqanlarının rəhbərləri və nümayəndələri, fransız dili üzrə mütəxəssislər və media nümayəndələri iştirak edirdilər.

Qəzetin təsisçisi və baş redaktoru Zeynab Kazımova “Le Carrefour” qəzetinin yaranması tarixindən, qəzetin ilk nəşrinin çapından, hazırkı durumundan, qəzetin elektron versiyasının fəaliyyətindən danışıb. 

Z. Kazımova qəzetin 2009-cu ildən yaradılan www.lecarrefour.az saytının hazırda həm də gündəlik xəbər portalı kimi uğurlu fəaliyyət göstərdiyini qeyd edib. 

Fransanın Azərbaycandakı səfiri Orelia Buşez qəzetin fəaliyyətini yüksək qiymətləndirib. 10 yaşını qeyd edəcək qəzetin Azərbaycan-Fransa əlaqələrinin inkişafında daha geniş rol oynayacağına inamını ifadə edib. 

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov qeyd edib ki, “Le Carrefour” qəzeti Azərbaycan Mətbuat Şurasının üzvüdür və ölkəmizdə yeganə fransızdilli qəzetdir.